Bərdə Region Sosial

Bərdə şəhərində Qarabağ veteranları üçün inşa edilmiş binanın ətrafı zibilliyə çevrilib.

Bərdə şəhər Elçin Əsədov küçəsi 8A ünvanda yerləşən Qarabağ veteranları üçün inşa edilmiş binanın ətrafı zibilliyə çevrilib.

Aranxeber-ə müsahibəsində sakinlər bildiriblər ki, tullantıları kim hara gəldi atır, qalaq-qalaq yığılan zibillər vaxtlı-vaxtında daşınmır. Dəfələrlə şikayət olsa da heç nə dəyişmir. Hətta yaxın ərazilərdə yerləşən qəssabxanalar, restoranlar da öz tullantılarını bu əraziyə atır.

Zibillik səbəbi ilə əraziyə yığışan sahibsiz itlər isə bina sakinləri üçün əlavə problem yaradır. “Zibilliyə toplaşan itlərin səsindən gecə səhərə kimi yata bilmirik. Vəziyyət o hala gəlib çatıb ki, sahibsiz itlər binanın bloklarında, zirzəmilərində balalayıb çoxalırlar”, – deyə sakinlər öz narazlıqlarını bildirdilər.

Yay aylarında bu ərazidə antisanitariya vəziyyəti hökm sürür: “Artıq xeyli vaxtdır ki, zibillərin daşınması üçün aidiyyəti orqanlara müraciət etsək də bir nəticəsi yoxdur. Üfunət iyindən evdə oturmaq olmur, pəncərələri aça bilmirik”, – deyən bina sakinləri imzatoplama kampaniyasına başlayıblar.