Sarısu gölü Azərbaycanın ən böyük gölü olaraq İmişli və Sabirabad rayonları ərazisində Kür çayı sahili ilə 22 km uzanan şirin sulu böyük ehtiyatlara malik su sahəsidir. Ölkəmizdə göllərin sahəsinə görə ikincisidir. Eni bəzi yerlərdə 3 km, sahəsi isə 65.7 km-dir. Orta dərinliyi 1 metr götürülsə də, bəzi yerlərdə 6m qeydə alınır. Ən dayaz yerləri qamışlıqla örtülən, bataqlığı andıran sahil xətləri hesab olunur. Belə ki, həmin hissələrdə dərinlik heç 1 metr də olmur. Gölün həcmi də sabit qalmır. Yazda, payız fəslində mövsümü yağışlar zamanı su həcminin artması müşahidə edilir. 1976-ci ildə Kür çayında daşqınlar baş verən zaman Sarısu gölündə su həcmi 3-5 dəfə artmışdır. Sarısu gölü mənşəyinə görə çay-dərə eroziya tiplidir. Suyunu əsasən Ağ göldən, yeraltı və yağıntı sularından alır. Kür çayına axını var.
Sarı mirvari…
Ölkəmizin sarı mirvarisi çox zəngin faunaya malikdir. Balıq ehtiyatları əsasən çəki, sazan, karp və bobla, dabanbalığı, ağamur, heyvanlardan çöl donuzu, bataqlıq donuzu, quşlardan isə ördək, qaşqaldaq, qaz, sultan toyuğu, qarabatdaq, qu quşları buranın daimi və köçəri sahibləridir. Göl balıq-quş ehtiyatlarının bu cür zənginliyi ilə yaxınlıqda yaşayan insanlar üçün yaşam mənbəyi olmaqla, eyni zamanda həm ov etmək, həm də istirahət etmək məqsədilə uzaq məsafələrdən gələnlərə də sinəsində yer verir.
İmişli sakinləri rayon ərazisindən keçən Kür çayını, Araz çayını və Sarısu gölünü Tanrının onlara bəxşişi hesab edirlər. Həvəskar ovçular ov mövsümündə həm çaylarda, həm də göllərdə ov edərək asudə vaxt keçirirlər. Rayon sakini həvəskar ovçu Zaur İsmayılov gölün hər qarışını tanıdığını söyləyir. Onun sözlərinə görə, 20-30 il əvvəllərlə müqayisədə bu gölün suyu, demək olar ki, 40% azalıb.
Sözügedən zamanlarda su yüksəkdə olurdu. Balıq ehtiyatı tükənməz dərəcədə idi. Mart-aprel aylarında “balıqoynayan” deyilən kiçik bir mövsümdə balıqlar suyun üzündə olduqları üçün ovlanması daha asan olurdu. Zaur İsmayılov Sarısuda quşların da heyrətlənəcək dərəcədə azaldığını deyir. Böyük bir quş bazarına bənzəyən göldə indi yaşılbaş ördək, qu quşları, qaşqaldaq, məzmək az qala yoxa çıxmaqdadır.
Mütəxəssislər də eyni fikirdədirlər. Ornitoloqlar da təsdiq edirlər ki, əvvəllər, yəni yaxın keçmişdə göldə qışlanmağa 300-500 min quş gəlirdisə, indi onların sayı heç 10 min deyil. Bu isə ən çox təbiətə kortəbii müdaxilənin nəticəsidir.
Ümumiyyətlə, ölkəmizin üç rayonu-İmişli, Sabirabad və Saatlı rayonlarının ərazisində yerləşən və digər göllərimizdən həm şirin suyu, həm də mənzərəsinin gözəlliyi ilə fərqlənən, üstəlik insanlara çörək-ruzi mənbəyi, istirahət və sağlamlıq guşəsi olan bu sarı incini necə qorumaq olar? Gölün əsas problemləri nədir? Sarısu gölünün ən başlıca problemi göldə suyun ildən-ilə azalmasıdır. Su ehtiyatının azalması gölün ekosisteminə olduqca mənfi təsir göstərir. Balıqların əksəri nəsil artırmaq üçün sahilboyu ərazilərdəki qamışlıq ərazini seçirlər. Quraqlıq gölün bir hissəsində qamışlıq və digər bitki örtüyünün məhvinə səbəb olduğu üçün kürütökmə heç də hər il uğurlar nəticələnmir. Son illərdə 2010-cu il daşqınları istisna olmaqla Sarısu gölündə su səviyyəsinin artımı müşahidə olunmur. Səbəblərin birincisi İmişli Şaqay kanalının gölün yaxınlığından keçməsidir. Əkin sahələri vaxtı ilə qazılmış kollektor sisteminin içərisində yerləşir. Kollektorlar və Şaqay yeraltı su ehtiyatının çox hissəsini mənimsəyərək sözügedən nəhəng axmazda su səviyyəsinin hiss olunacaq dərəcədə düşməsinə səbəb olur.
Belə ki, 2010-cu ildə aprel-may aylarında Kür və Araz çayında baş verən daşqınlar zamanı göldə suyun hündürlüyü 2024-cü ilin aprel-may aylarındakı göstərici ilə müqayisədə 2-3 metr yüksək olub.
Buxarlanan nəhəng cam…
Sarısu gölü Kür-Araz ovalığının mərkəzində yer alır. Son illər göl mütəxəssislərinin rəyinə görə, buxarlanan nəhəng camı xatırladır. İllik yağıntı normasının kəskin azalması, eyni zamanda orta illik temperatur normasının orta həddi kəskin ötməsi də göldəki suyun azalmasına təsir edən əsas amillərdəndir. Belə ki, Azərbaycanda, xüsusən də aran rayonlarında yay aylarında qlobal iqlim dəyişkənliyi-istiləşmə fəsadlar şəklində büruzə verir. Məsələn, 2023-cü ilin avqust ayında İmişli rayonunda 48-50° istilər qeydə alındı.İstilik həddinin normanı kəskin ötməsi Sarısu gölünün səviyyəsinin azalmasına səbəb oldu.
Gölün suyu zəif qələvi xarakterlidir, xüsusi iyi yoxdur, şəffaflığı müxtəlifdir. Kimyəvi xarakteristikasına görə təmiz su sinfinə daxildir. Məhz bu səbəbdəndir ki, göldə çəki, sazan, ağamur, karp və bobla balıqlarının artıb çoxalması üçün təbii münbit şərait var. Bununla belə, son illərdə kortəbii insan daxiləsi suyun balıqlar aləminə külli miqdarda ziyan vurub. Brokonyerlərin qeyri-qanuni sintetik torlardan istifadəsi, elektrik cihazlarından, bəzən də zəhərli partlayıcı maddələrin suya buraxılması adı dillərdə məşhur olan “Sarıqamış” balıqlarının kütləvi məhvinə səbəb olur. Düzdür, son illər sulara nəzarət polislərinin fəaliyyətinin gücləndirilməsi bu kimi halların qarşısını xeyli alıb. Amma, məhv olmağa məhkum edilmiş balıqlar sinfinin bərpası hələ illərlə vaxt tələb edəcək. Zaur İsmayılov həvəskarlardan fərqli olaraq brokonyerlərin kütləvi balıq qırğını törədərək balıqların məhvinə səbəb olduqlarını söyləyir. Xüsusən də, çirkli sularda bir zamanlar sayı-hesabı bilinməyən, ətinin dadı qızılbalıqla müqayisə edilən durnabalığının kəskin azalması təəssüf doğurur.
Sarısu gölünü şimaldan Kür çayı, yaşayış məntəqələrindən isə avtomobil yolu kimi istifadə olunan torpaq bənd ayırır. Bu da gölün çirklənməsinin qarşısını alır. Bura ov və istirahət üçün gözəl məkandır. Göldə ov üçün icazə sənədləri olan yerli adamlar düzgün ov edirlər. Son illər bu gözəl məkanın sorağına ərəb ölkələrindən, hətta Almaniya və İtaliyadan da ovçuların gəlməsi qeydə alınıb. Ümumiyyətlə, turizmin inkişafı üçün gölətrafı ərazilərdə şərait vardır. Təəssüf doğuran hal budur ki, bəzən həm yerlilər, həm də gölün qonaqları məsuliyyətsizlikdən istifadə etdikləri ərazidə ocaq qalayır, ətrafı zibilləyir, plastik qalıqları suya atır, hətta qamışlıqda kiçik yanğınlar törədərək problemlər yaradırlar.
Gölün çirklənməsinə səbəb olan digər bir məsələ də var. Şimal tərəfdən İmişli kəndlərindən gölü torpaq bənd ayırır. Bənd çirklənmənin qarşısını alır. Bununla belə, cənub istiqamətdən suyun çirklənmə faktı var. Cənub sahillərinə yaxın ərazilərdə neft çıxarılması(Muradxanlıneft) zamanı əmələ gələn neft-mədən sularının gölə axıdılması ciddi problemlər yaradır. Həmin ərazilərdə suyun şorlaşması şirin su balıqlarının məhvinə səbəb olur. Su yosunları(cil) və qamışlıq ildən-ilə məhv olur. Düzdür, şərqdən Kür çayına axan Muradbəyli yaşayış məntəqəsində hidroloji qurğu vasitəsilə su təmizlənir. Ancaq təmizlənmiş su Kürə axıdılır.
Əlavə olaraq gölün yaxınlığında bir zamanlar-Sovet dönəmində qazılmış axtarış-mədən quyularından axan neft qalıqları da gölə yönəldilir.
Çirklənmənin həddini artıran səbəblərdən digəri kimi İmişli rayon mərkəzində kanalizasiya sisteminin olmamasıdır. Məhz bu səbəbdən də rayon ərazisindən kanalizasiya təmizləyən maşınlar mütəmadi olaraq qalıqları göl ilə birbaşa əlaqəsi olan kolektorlara daşıyırlar. Həmin kollektorlarının suyu birbaşa gölə yönəldilir. Bu faktdır ki, bir zamanlar göz yaşı kimi dumduru olan Sarısu gölü həmin ərazilərdə üfunət qoxuyur.
Artıq hər birimizin vətəndaş məsuliyyəti ilə məsələyə münasibət bildirməyimizin və həyəcan təbili çalmağımızın vaxtı gəlib çatıb.
Elmira Əhmədova
Araz Humanitar Tədqiqatlar İB