Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz havanın tərkibindəki zəhərli aerozolların, kül hissəciklərinin, tozun, hisin olmasından xəbərsizik. Bilirdinizmi ki, ÜST standartlarına görə dünya əhalisinin 99 faizi keyfiyətli hava standartlarından aşağı göstəricidə olan hava ilə nəfəs alır? Eləcə də planetimizdəki 92 faiz insan çirklənmiş havası olan ölkələrdə yaşayır. Həqiqətən, narahatedici statistikadır. Alimlər hər il 1.4 milyon insanın suyun çirklənməsi səbəbindən, 7 milyondan çoxunun isə atmosferin çirklənməsindən dünyasını dəyişdiyini hesablayıblar. Havanın zəhərli qazlarla, toz hissəcikləri ilə kirlənməsi təkcə əhalinin sağlamlığı üçün deyil, digər canlılar üçün də ciddi təhlükə yaradır. İqlim dəyişkənliyinə səbəb olaraq biomüxtəlifliyi məhv edir.
![](https://aranxeber.com/wp-content/uploads/2024/07/315704.jpg)
2023-cü il Dünya Havanın Keyfiyyəti Hesabatına görə, Azərbaycan dünya ölkələri sırasında 52-ci yerdə qərarlaşdı.
Dünyanın 134 ölkəsinin hava çirkliliyi dəyərlərini təhlil edən 2023 Dünya Havanın Keyfiyyəti Hesabatı ölkəmizin ən çirkli havası olan şəhərinin Bakı olduğunu açıqladı. Düzdür, həmin cədvəldə 31-ci yerdə olan Ermənistanla, 44-cü sırada yer alan Türkiyə ilə müqayisədə bir qədər irəlidəyik. Bununla belə paytaxtımızın və digər iri şəhərlərimizin vəziyyəti ürəkaçan deyil. Ümumdünya Səhiyyə Təşkilatı həmin hesabatda Avstraliya, Estoniya, Finlandiya, Qrenada, İslandiya, Mavriki və Yeni Zelandiya sakinlərinin ən təmiz hava aldığını elan etdi. Bakı dünyanın ən çirkli paytaxtları arasında 45-ci sırada oldu… Havanın çirklənməsinin ciddiliyini əsaslandıran bir fakta diqqət yerirək: Planetimizdəki hər doqquz ölümdən birinin kökündə atmosfer çirklənməsi durur. PM 2.5 hava çirkliliyinə məruz qalma astma, xərçəng, insult, ağciyər xəstəlikləri də daxil olmaqla çox saylı sağlamlıq problemlərinə səbəb olur. Bundan əlavə yüksək səviyyədə xırda hissəciklərə məruz qalma uşaqlarda əqli inkişafın pozulmasına, psixi sağlamlıq problemlərinə yol açır. Və biz bu dəhşətli faktlarla üz-üzəyik….
![](https://aranxeber.com/wp-content/uploads/2024/07/unnamed-1.jpg)
Səbəblər…
Hava çirklənməsi təbii səbəblərdən baş verə bilər. Məsələn, vulkan püskürməsj, bataqlıq qazları, meşə yanğınları ətraf aləmə ciddi ziyan vurur. İnsan fəaliyyətindən təsirlənən süni səbəblər isə nəqliyyat vasitələrinin hərəkəti və sənaye obyektlərinin fəaliyyətindən törənən kirlənməsidir.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova bildirib ki, Azərbaycanda hava çirklənməsinə nəzarət etmək üçün müvafiq monitorinqlər keçirilir. Nazirlik nümayəndəsinin sözlərinə görə əhalinin ən sıx məskunlaşdığı Abşeron yarımadasında, əsasən də Bakı və Sumqayıt şəhərlərində havanın keyfiyyəti digər ərazilərimizlə müqayisədə aşağı səviyyədədir. Bu şəhərlərdə hava hövzəsinin çirklənməsinin əsas mənbəyi sıxlıq təşkil edən sənaye müəssisələri, atmosfer mühafizəsi üçün nəzərdə tutulmuş təbiəti mühafizə tədbirlərinin qənaətbəxş olmamasıdır. ETSN-nin məlumatlarına əsasən hazırlanmış statistik göstəricilərə nəzər salaq. Stasionar mənbələrdən ayrılan çirkləndirici maddələrin ümumi miqdarı 1990-cı ildə 28%, 2023-cü ildə 67 faiz qeydə alınıb. Mütəxəssislər stasionar mənbələrdən şəhərə buraxılan xoşagəlməz qaz, tüstü, duman və toz qarışığının insan orqanizminə hədsiz zərər vurduğunu söyləyirlər. Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bu barədə fikir bildirərək deyir ki, atmosfer havası həm ətraf mühitə atılan tullantılardan, həm də ölkəyə gətirilən istismar müddəti keçmiş avtomobillərin istifadəsi ilə daha çox çirkləndirilir.
2024-cü ilin əvvəlinə aid olan məlumata əsasən Azərbaycanda 1 milyon 738 min 940 ədəd avtomobil var. Son bir ildə avtomobillərin sayı 53,7 min ədəd artıb. Bu sayın artması minik maşınlarının qeydə alınmasında daha çox müşahidə olunur. Ölkənin atmosfer havasına atılan avtomobil nəqliyyatının payına düşən zəhərli maddələrin xüsusi çəkisi ETSN-nin təqdim etdiyi cədvəldə 1990-cı ildə 26, 2023-cü ildə isə 83 faiz göstərilir. Dövlət Statistika Komitəsinin araşdırmalarına görə 2023-cü ildə avtomobillərindən havaya buraxılan zəhərli qazlar 6,3 faiz artıb, stasionar mənbələrdən atılmış maddələrin miqdarı isə, əksinə 8,9 faiz azalıb.
Paytaxtımız daxil olmaqla böyük şəhərlərimizi çirkləndirən stasionar mənbələrə nəzər salaq. Böyük sürətlə artan tikinti obyektləri və tikinti materialları istehsal edən müəssisələr, neft-kimya sənayesi, energetika, qaz sənayesi, neft sənayesi, əlvan metallurgiya, elektrotexnika sənaye müəssisələri və s.. Son illərin təşviş doğuran vəziyyəti Şirvan şəhərində, Gəncədə, Mingəçevirdə, eləcədə bölgələrimizdə də müşahidə olunur.
İmişli rayonu ərazisində hava çirklənməsi aşırı dərəcədə avqust və sentyabr aylarında hiss olunur. Rayon ərazisində yaşayış məskənlərinə çox yaxın ərazilərdə bir neçə sənaye müəssisələri yerləşdirilmiş və hal-hazırda fəaliyyət göstərməkdədir. Yerli sakinlər havadakı mənşəyi məlum olmayan dözülməz qoxudan, yapışqana bənzəyən naməlum maddədən şikayətlənirlər. Bəzən nəfəs almaq mümkün olmadığı üçün pəncərələri və qapıları bağlayıb saatlarla açıq havaya çıxa bilmirlər.
![](https://aranxeber.com/wp-content/uploads/2024/07/news_20191024042043.jpg)
Fəsadlar…
Çirkli hava “Görünməz qatil” adlandırılır. Dünyadakı hər adamdan 9-u məhz bu hava ilə nəfəs alır. ÜST-ün son hesablamalarına istinad etsək, son 20 ildə dünya atmosferində 50 faizdən çox çirklənmə qeydə alınıb. Biz 16 faiz oksigen qəbul etməli olduğumuz halda, oksigenlə bərabər kimyəvi tullantıları da tozcuqlar halında qəbul edirik. Nəticədə orqanizmdəki özünütənzimləmə mexanizmləri pozulur. Yuxarı tənəffüs yollarının ciddi zədələnməsi baş verir.
Fəlsəfə doktoru, terapevt-həkim Abbas Bağırov bu məsələ barədə açıqlamalarında bildirib ki, çirklənmiş hava şəkərli xəstələrdə şəkərin aşağı düşməsinə imkan vermir. Ümumiyyətlə digər xroniki xəstəlikləri olan şəxslər də eyni prosesdən əziyyət çəkirlər.
Uşaqların sağlamlığı isə, həqiqətən, təhlükəli vəziyyətdədir. Yeni doğulmuş körpə ölümlərinin təxminən 20 faizi havanın çirklənməsi ilə əlaqədardır. Zəhərli hava uşaqların sağlamlığı üçün ciddi ekoloji risk törədir. Uşaqlar onların sağlamlığına və inkişafına dağıdıcı təsir göstərən hava çirklənməsinə çox həssasdırlar. Çünki onlar böyüklərə nisbətən daha sürətlə nəfəs alırlar.
UNICEF-in icraçı direktorunun müavini Kitty var der Heijden bildirib ki, hər gün 5 yaşdan kiçik 2000-ə yaxın uşaq hava çirklənməsinin təsiri nəticəsində ölür.
Təəssüf ki, ölkəmizdə də uşaq xəstəliklərinin yaranmasına və ölüm hallarının artmasına səbəb olan çirkli hava problemi böyüməkdə olan nəsli təhlükə altına qoyur.
![](https://aranxeber.com/wp-content/uploads/2024/07/1696925340_chernyj-dym-iz-vyhlopnoj-dizelnoj-truby-prichiny-metody-ustraneniya-nepoladki-1024x576.jpg)
Tədbirlər…
Dövlətimiz 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi. İşğal olunmuş ərazilər də daxil olmaqla respublikamızın hər yerində bu dövlət proqramı çərçivəsində tədbirlər həyata keçirilir və öz töhfəsini verməkdədir.
![](https://aranxeber.com/wp-content/uploads/2024/07/WhatsApp-Image-2024-07-29-at-19.45.17-1-1024x576.jpeg)
![](https://aranxeber.com/wp-content/uploads/2024/07/WhatsApp-Image-2024-07-29-at-19.45.14-1024x461.jpeg)
![](https://aranxeber.com/wp-content/uploads/2024/07/WhatsApp-Image-2024-07-29-at-19.45.17-2-1024x461.jpeg)
Əbülfət Zeynallı
Araz Humanitar Tədqiqatlar İB