Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və Araz çaylarının arasında, İmişli və Beyləqan rayonlarında yerləşir. Muğan düzü isə Araz çayının sağ sahilində olmaqla Mil düzü ilə müqayisədə daha böyükdür. O Sabirabad, Saatlı, Biləsuvar, Cəlilabad, Şirvan və Salyan rayonlarını əhatə edir. Yerli əhalinin Küdri adlandırdığı bu çöllüklər yayı quraq keçən yarım səhra və quru çöl iqlimlidir. Əsasını boz və şoran torpaqlar təşkil etsə də, şirin sulu Sarısu, Hacıqabul, Ağgöl və Mahmudçala gölləri bu torpaqlarda yer alır. Küdri düzənliklərinin relyefi hamardır. Ucsuz-bucaqsız, suvarılmayan şoran torpaqların bitki örtüyü də yarımsəhra tiplidir. Kilometrlərlə uzanan saksaul kolluqları tez-tez yulğun topalıqları ilə əvəzlənir. Ərazidə ən çox bitən bitkilətdən olan dəvəayağı bitkisi çiçəkləyən zaman çöllüyə əsrarəngiz gözəllik verir. Nisbətən sulu qobularda isə biyan və acıyovşan sıxlıq təşkil edir.
Əvvəllər Mil-Muğan çöllüklərindən yalnız heyvandarlıq, xüsusən də qışlama məqsədi ilə istifadə olunurdu. Bitki örtüyü qışı mülayim keçdiyi üçün, demək olur ki, soyuq fəsillərdə də həm yarımsəhranın vəhşi heyvanlarını, həm də ev heyvanlarını yemləməyə şərait yaradırdı.
Sovetlər dönəmində Küdri çöllərinin relyefi dərindən öyrənildi, landşaftı araşdırıldı. Müxtəlif dövlət proqramları təsdiqləndi. Aqrar layihələrin həyata keçirilməsinə başlanğıc verildi. Beləliklə, böyük çöllərin insan müdaxiləsinə məruz qalan istismar dövrü başladı. Bu Küdrinin fəth olunması demək idi.
Küdri gözəli…
Biosistemdə bütün proseslər zəncirvari xarakter daşıyır. Aran çölləri biomüxtəlifliyin məskəni hesab edilir. Düzlərdə saksaul kolluqlarının sıxlıq təşkil etdiyi torpaqlarda ceyranlar kiçik dəstələrlə yaşayırdı. XX əsrin 40-cı illərinə kimi Mil düzündə tez-tez rast gəlinən bu canlıların sayı 1960-cı illərə qədər kəskin azalmağa başlayıb. Hal-hazırda isə bu ərazilərdə ceyran yaşamır.
Bəs məşhur şeirdə tərif olunduğu kimi “yerdən ayağını quş kimi üzən, yay kimi dartılıb, ox kimi süzən” “Küdri gözəli”nin məhv olma səbəbləri nədir?
Səbəblərin birincisi qanunsuz ovçuluq-brokonyerlikdir. Məsuliyyətsiz vətəndaşların gülləsinə tuş gələn ceyranlar ovçular tərəfindən kütləvi ovlanaraq, həm əti, həm dərisi baha qiymətə satılırdı. Mərkəzi Aranın Mil düzündə yerləşən İmişli rayonunda bu heyvanların dəstə halında görünməsi ən son 1955-ci ildə qeydə alınıb.
Digər əsaslı səbəb bu nadir incilərin arealının kiçilməsi, yəni çöl torpaqlarının əkin yerlərinə çevrilməsidir. 1950-ci illərdən etibarən yüz hektarlarla ərazi dövlət hesabına keçirilir, süni suvarma sistemi qurulur, şoran torpaqların yuyulması üçün kollektor-drenaj sistemi çəkilib quraşdırılır, iri texnikalarla pambıq əkilir, dənli bitki sahələri salınırdı. Düzənlərin təbii bitki örtüyü məhvə məruz qalır, nəticədə fauna ölümə məhkum edilirdi. Xam çöllüklərin süni suvarma yolu ilə əkin sahələrinə çevrilməsi prosesi hal-hazırda da davam edir.
Ətraf mühitə qarşı həddindən artıq həssas olan bu zərif cütdırnaqlıların eşitmə və iy bilmə qabiliyyətləri yüksək dərəcədə inkişaf etmişdir. Çöllük şəraitində yaşayan sayqaklarla müqayisədə onlar yaşayış məskənlərinə müdaxiləni heç sevmirlər. Adətən yarımbağlı biotoplarda kol-kos, qamışlıq, yulğunluqda otlayıb gizlənən ceyranlar qida azlığı və kolluqların qırılması səbəbindən digər ərazilərə miqrasiya etməli olurlar. Beləcə, Küdri öz gözəlinə həsrət qaldı.
Çöldə daha turac ötmür…
Mil-Muğan düzlərinin bitki örtüyünün bir qismini yerli əhalinin süpürgə adlandırdığı dəvəayağı kolluqları örtür. Kolların arasında turac quşlarının yaşaması, artıb-çoxalması üçün münbit mühit var. Çöllüklərə düşünülməmiş müdaxilənin acı nəticələri bu quşlardan da yan ötməyib. Belə ki, 1947-1950-ci illərdə Kür-Araz ovalığında 600 min fərd, 1958-1962-ci illərdə 100 min fərd, 1992-ci ildə isə cəmi 4 min fərd qeydə alınıb. Son illər bu rəqəm kəskin azalmasa da, hər halda qeydə alınan artım sevindirici deyil. Nadir oturaq növ olan Turac quşu öz arealını çox sevir. Onlara hər yerdə, hətta əkin sahələrinin kənarlarında, pambıq tarlalarında belə rast gəlmək olur.
Təəssüf ki, Aran çöllüklərində onların yaşaması üçün təbii şərait ildən-ilə azalmaqdadır. Bu quşların ən çox daldalandığı süpürgə kolluqları əkinə çevrilməsə belə, yaxınlıqdakı fermaların heyvanlarına otarılır. Bu halda quş yuvaları mal-qaranın tapdağı altında qalaraq məhv olur. Düzənlərin bu dekorativ bitkisi yerlilər tərəfindən qırılaraq süpürgə düzəltmək məqsədi ilə toplanır. Açıq talaya çevrilən ərazilərdə fərdlərin yuvaqoyma ehtimalı mümkün deyil.
Brokonyerlər isə öz əvvəlki amplualarında qalmaqadadırlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının mütəmadi apardıqları monitorinqlər onların çirkin niyyətlərinə qismən mane olur. Son zamanların göstəriciləri deməyə əsas verir ki, qanunsuz ovçular Mil-Muğan düzündə hər il 700-800 fərdi məhv edir.
Turacların digər oylağı acıyovşan və şirinbiyan bitkilərinin sıxlıq təşkil etdiyi zolaqlardır. Biyan çöllük yarımkol bitkisidir. Güclü kök sisteminə malikdir. Hündürlüyü 60-80 sm, bəzən isə 100 sm-ə çatır. Əsas kökləri torpağın 2-7 m dərinliyinə qədər gedə bilir. Mil-Muğan ərazilərində bəzən cəngəllikləri xatırladan bu biotop turacların ən çox yuva saldığı yerlərdəndir. Ancaq Küdrinin qızıl qədər qiymətli “qırmızı mədəni” özü məhvə məruz qaldığı halda bu quşlara necə ev sahibliyi edə bilər?
Belə ki, bu bitkinin kökündən biyan kökü məhsulları hazırlamaq üçün istifadə olunur. Köklər qiymətli xammal olduğu üçün çıxarılır, toplanır və şirkətlərə satılır. Saatlı rayonunda 2008-ci ildən fəaliyət göstərən “Biyan məhsulları zavodu”nun özünə məxsus 5.4837 hektar ərazisi bu məqsədlə istifadə olunur. Köklərin xammal kimi alış tonu 150 manata həyata keçirilir. Ona görə də əhali arasından bu işlə məşğul olan insanlar fəaliyyət göstərir, biyan kökü tədarük edir və şirkətlərə satırlar.
Beləliklə bilmədən, şüursuz şəkildə qazanc arzusu təbiətə, onun qiymətli parçalarına ağır zərbələr vurur. Nəticədə ceyransız, turacsız, biyansız, süpürgəsiz, canavarsız, vaşaqsız, çölpişiysiz qalan kədərli Küdri mənzərəsi yaranır.