Baş Layihə Region Sabirabad Sağlamlıq Təhsil

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”  layihəsi uğurla davam edir. Həyata keçirilən layihə çərçivəsində növbəti təlim-toplantıda Sabirabad şəhər 2 və 5 saylı orta məktəbin şagirdləri ilə yanaşı təlimçilər, məktəb rəhbərləri, peşəkar həkimlər də iştirak edirdi.

Layihə rəhbəri Sabirabad şəhər 2 saylı məktəb-liseyin müəllimi Sevinc Məhərrəmovanın Aran xəbərə verdiyi məlumata görə, layihənin məqsədi Sabirabad rayon şagirdlərinə mütəxəssislər tərəfindən həyat təhlükəsizliyi haqqında nəzəri anlayışların verilməsi və ekstremal həyat vəziyyətlərində ilk tibbi yardım bacarıqlarının göstərilməsini  seminar və praktik təlimlər keçməklə formalaşdırmaqdır.

Daha sonra o bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər 100 ölümdən 20-si bədbəxt hadisələr nəticəsində baş verir. Əgər onlara vaxtında ilkin tibbi yardım göstərilsəydi onların həyatını xilas etmək mümkün olardı. Statistika göstərir ki, ilk 9 dəqiqə ərzində onlara yardım göstərilsəydi, ağır yaralananların 90%-ə qədəri sağ qala bilərdi. Fövqəladə vəziyyətdən 18 dəqiqədən çox vaxt keçdikdən sonra göstərilən yardım nəticəsində isə, qurbanların yalnız 15%-ni xilas etmək olur. Layihə müddətində çalışırıq ki, ilkin yardımın göstərilməsində həyati əhəmiyyətli səhvlərə yol verməmək üçün şagirdlərimizə ilkin tibbi yardım bacarıqlarını daha mükəmməl öyrədək.

Tədbirdə iştirak edən Sabirabad şəhər 2 nömrəli məktəb-liseyin direktoru Elşad Şərifov çıxışı zamanı qeyd edib ki, peşəmizdən, statusumuzdan və kimliyimizdən asılı olmayaraq hər birimizdə  ilkin tibbi yardım göstərmək bacarığı olmalıdır. Ona görə də layihənin icrası zamanı layihə heyyətinə yaxın dəstəyimi göstərməyə hazıram.

Layihənin icraçı mütəxəssisi həkim-bioloq Müstəqil Abdullazadə isə müsahibəsində bildirib: “Bu günün şagirdi gələcəyin  əsgəridir. Qarabağ müharibəsi bizə onu göstərdi ki, insanlarda  ilk tibbi yardım bacarığının formalaşdırılması nə qədər canlar xilas edə bilər. Bu gün bu layihə çərçivəsində bir gəncin bu bacarığa yiyələnməsi bir çox  insanın həyata dönməsinə yardımçı ola bilər. Bizim üçün insan həyatından önəmli heç bir şey yoxdur. Sevinirəm ki, mən də bu layihədə iştirak edərək gənclərimizin maariflənməsinə öz töhfəmi vermiş oluram”.

Qeyd edək ki, Mil-Muğan Regional Təhsil İdarəsi layihənin gedişatında öz dəstəyini və tövsiyələrini göstərməkdədir.