Biləsuvar Hadisə

Biləsuvarda kanalizasiya üçün qazılan yolların bərpası yaddan çıxıb

Bir müddət əvvəl Biləsuvar rayonunda kanalizasiya sisteminin yenidən qurulması üçün şəhərin əsas küçələrində qazıntı işləri aparılıb. Bu işləri həyata keçirən “Azərsu” ASC işlərini yekunlaşdırsa da yolların bərpası yaddan çıxıb.

Bu barədə yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, yollar artıq yarım ildir ki, bərbad vəziyyətdədir.

Bundan isə ən çox əziyyət çəkən sürücülərdir. Onlar bildirib ki, şəhərin mərkəzi küçəsi ilə yanaşı, Nizami Gəncəvi və Mübariz İbrahimov küçələrində də eyni vəziyyətdir:

“Yollar dağıldığından avtomobillərimizin ehtiyat hissələri tez-tez sıradan çıxır. Yağmurlu havada yol daha da keçilməz vəziyyətə düşür. Digər tərəfdən hərəkət zolağının eninin azalması qəzaların artmasına səbəb olur. Kanalizasiya sistemini yeniləmək məqsədilə yollar qazılıb. Artıq işlər başa çatıb. Buna baxmayaraq hələ də yollar əvvəlki vəziyyətinə qaytarılmayıb”.

Problemlə bağlı “Azərsu” ASC–nin sözçüsü Anar Cəbrayıllı bildirib ki, Biləsuvar rayonunda dövlət büdcəsi hesabına kanalizasiya xətləri tikintisi həyata keçirilib:

“Artıq işlər yekunlaşıb. Həmin ərazidə əks dolğu kipləşdirmə işləri aparılıb. O ki, qaldı yolun asfalt örtüyünün vurulmasına, bu işlər yol təsərrüfatı tərəfindən yaxın günlərdə aparılacaq. Bununla bağlı müqavilə də imzalanıb”.