Hadisə Region

Göyçayda iki ev yanıb

Göyçayda yanğın baş verib və iki ev yanıb.

Yanğın hadisəsi bu gün şəhərin Həbibi küçəsində yaşayan Zümrüd İsmayılovaya məxsus mənzildə baş verib. Belə ki, ümumi sahəsi 360 kvadratmetr olan ikimərtəbəli, 6 otaqlı ev əşyaları ilə birlikdə yanıb. Alov yaxınlıqda yerləşən Valeh İsmayılova məxsus, ümumi sahəsi 130 kvadratmetr olan 4 otaqlı evə də keçib. Yanğının genişlənməsi çərçivəsində bu evin bir otağı və tavan hissəsi əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə gələn FHN-nin Göyçay və Ucar yanğından mühafizə hissələrinin əməkdaşlarının köməkliyi ilə yanğın söndürülüb və alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı hər iki evə külli miqdarda ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.