İmişli rayonunun Mirili kəndi Araz çayı hövzəsinin sahilboyu yaşayış məntəqələrindən biridir. Çaydan bir kilometrlik ərazidə yerləşən bu kiçik kənddə sakinlərin bəziləri asudə vaxtlarını həvəskar ovçu kimi balıq ovuna həsr edirlər. Kənd sakini Əlifağa Qasımov ov həvəskarı olduğu gənclik illərində-daha doğrusu, 1985-ci ildə çayın Mirili kəndindən keçən ərazisində iri bir naxa balığı ovladığını söyləyir. Şahidlərin sözlərinə görə, nəhəng balığın uzunluğu 4 m 50 sm, ətinin təmiz çəkisi isə 170 kq olub.
Sözügedən vaxtlarda ölkəmizin ən böyük ikinci çayı-Araz çayı zəngin balıq ehtiyatı ilə bol idi. Sulardan bu cür nəhəng ölçülü naxaların ovlanması isə adi hal hesab edilirdi.
Bəs 2024-cü ilədək olan bu zaman kəsiyində nə baş verdi ki, çayın biosistemində bu qədər kəskin dəyişiklik nəzərə çarpdı? Əlifağa Qasımov artıq yaşlansa da, ovçuluğa olan həvəsi hələ də sönməyib. Eyni sularda, eyni ərazidə tilovla, qarmaqla ov edir. Onun söylədiyinə görə, çayda balıq ehtiyatı kəskin dərəcədə azalıb. Bəzi balıqlar isə, ümumiyyətlə yoxa çıxıb. İsrarlı və səbirli ovçular günlərlə sahildə gözlədikdən sonra çox kiçik ölçülü balıqlar tuta bilirlər. İri balıqların ovlanması isə əsl möcüzə olardı.
Bir zamanların “Araz balığı” adı ilə məşhurlaşan çəki, sazan, kütüm durnabalığı, şamayı, eləcə də növbənöv digər balıqlar sulardan hara yoxa çıxıb? Səbəblər müxtəlifdir. Müxtəlif olduğu qədər də narahatlıq doğurur.
Kənd sakinləri 30-40 il əvvəllərdə Araz suyunun qırmızı rəngdə axdığını, illərdir ki, həmin rəngi müşahidə etmədiklərini bildirirlər. Su nə qədər bulanıq və qırmızı rəngdə olsa da, durulma tezliyi bir o qədər çox idi. Qısa müddətdə göz yaşı kimi dumduru olan bu suyun dadı da kifayət qədər keyfiyyətli idi. Zamanla çayın suyu dəyişib yaşılımtıl rəng alıb. Əvvəlkindən fərqli olaraq pis dadır. Filtrdən keçirilməsə, içməyə yararlı olmur. Bu sudan dəmlənən çay tez bulanır.
Mütəxəssislər bu halı qonşu Ermənistan və İran dövlətlərinin sənaye tullantılarının Araza axıdılması ilə əlaqələndirirlər. Hər iki ölkə uzun müddətdir ki, ekoloji normaları pozaraq təbii sərvətlərimizə qarşı terrorçu mövqeyi tutur, ağır metal qalıqlarını, kimyəvi radioaktiv maddələri çaya yönəldir, beləliklə, nəinki xalqımıza, eləcə də çayın biosisteminə qarşı böyük bir təhlükə yaradırlar.
Çaya yönəldilən kimyəvi maddələrin böyük qismi isə Ermənistanın payına düşür. Çayın sol qollarından biri olan Razdan çayı bu ölkədə çirklənmə dərəcəsinə görə birinci yeri tutur. Hansı ki, sənaye şəhərləri Çarensavan, Abovyan və Yerevan sənaye tullantıları və məişət qalıqları ilə çirklənməni dəhşətli səviyyə qədər qaldırırlar.
Dünyanın ən təhlükəli atom stansiyası Metsamor, eyni zamanda Ermənistanın yeraltı yataqlarının zəhərli maddələri də bu çayın zəhərlənməsinə əlavə şərait yaradır. Nəticədə Araz suyunun mövcud vəziyyəti, həqiqətən, acınacaqlı hala düşüb. Bu barədə İran hökumətinin keçmiş səfiri Qafqaz üzrə ekspert Əfşar Süleymani Metsamor atom stansiyasının radioaktiv maddələrinin Araz çayına yönləndirilməsi ilə bağlı həyəcanlı xəbərdarlıqlar edib. Üstəlik İranın nüfuzlu “Payam Ma” qəzetinin səhifələrində də çayın qəsdən çirkləndirilməsi barədə silsilə məqalələr dərc olunub.
Beləliklə, çayın suyunun təbii rənginin itməsi, süni yaşılımtıl rəng alması səbəbləri bəlli olur. Qırmızı rəng həm də suyun tərkibinə qatqı verən mineralların rəngidir. Bu minerallar balıqların artıb törəməsi üçün təbii münbit şərait yaradırdı. Demək, adı dillərdə dolaşan Araz balığının qeyb olmasının birinci və başlıca səbəbi çay suyunun həddən artıq çirkləndirilməsidir.
İkinci ən böyük səbəb qanunsuz balıq ovu olan brokonyerlikdir. Brokenyerlər il boyu qeyri-qanuni ov edirlər. Amma balıqların kürütökmə dönəmində bu əsl faciəyə çevrilir. Nəsil artırmaq üçün sürü halında cəm olan kütüm, sazan, çəki və s. balıqlar vəhşicəsinə ovlanaraq məsuliyyətsiz vətəndaşların qurbanına çevrilirlər. Ən pisi isə kustar üsulu ilə hazırlanmış elektrik avadanlıqlarıdır. Əsasən gecə saatlarında öz cinayətlərini həyata keçirən brokonyerlər elektrik cərəyanı ilə təhlükəli dairələr yaradır, nəinki balıqların, digər canlıların da qəniminə çevrilirlər. Elektrik cərəyanı kürüləri də məhv edir. Bir çəki balığının nə qədər kürü tökdüyünü nəzərə alsaq, vəziyyətin ciddiliyini anlamış olarıq. Cərəyana məruz qalmış balıq sağ qalsa belə, kürü tökmə qabiliyyəti 10 faizə düşür.
Brokonyerlər həvəskar balıqçıların istifadə etdikləri avadanlıqlardan istifadə etmirlər. Onlar daha çox gəlir əldə etmək məqsədilə sintetik torlar əldə edir və çayın sularına, balığın daha çox olduğu yerlərə qururlar. Araz çayının İmişli ərazisindən keçən hissəsində bu kimi hallara mütəmadi rast gəlinir. Sintetik torlar çaydakı balıqlar üçün, xüsusən də şamayı və çəki balıqları üçün qırğın silahı hesab olunur. Belə ki, kürüləyən balıqların əksəriyyəti tora ilişib qalır, kürü töksələr də, çox zaman mayalanma həmin sintetik torlar ucbatından uğurlu alınmır. Yerli həvəskarlar, su hövzəsinə nəzarət edən polislər, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri bu hallarla mübarizə aparsalar da, qanunsuz ov fəaliyyəti qismən də olsa davam edir. Nəticədə XX əsrin ortalarında əllə balıq ovu mümkün olan çayın suları balıqsız qalır.
Ekosistemdə hər proses zəncirvari gedir. Araz balığının azalma səbəblərinin üçüncüsü bu çayın axdığı rayonlarda qum-çınqıl yataqlarının kəskin istismarıdır. Çay yatağındakı maqmatik süxurlar çox dözümlü olur. Həmin delta zəngin qum-çınqıl ehtiyatına malikdir. Bu qum-çınqıl çox keyfiyyətli, dünyada analoqu olmayan təbii ehtiyatdır. Təəssüf ki, ekoloji problemlər, sonu düşünülməyən müdaxilələr bu sahədə də ciddi narahatlıqlar yaradır. Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşafı planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə doktor Mirnuh İsmayılov bu məsələ ilə bağlı fikrini bildirib. Araz yatağından, bilavasitə çayın axdığı yerdən dronla çəkilən şəkillər dəhşət doğurur. Araz çayı nəhəng göllərə çevrilməkdədir. Qumun, çınqılın götürülməsi süni dərinliklər yaradır, çayın suyu həmin dərinliklərdə toplanır, gölə çevrilir, axar su hədsiz azalır, beləliklə, nəinki ətrafda ekosistem pozulur, daha çox suyun balıqlar aləminə zərər dəyir. Balıqların əksər növü bolsulu çaylarda nəsil artımı edirlər. Suyun azalması birbaşa bu məsələdə mənfi təsirini göstərir. Çınqıl çıxarılan ərazilərdə tez-tez uçqunlar olur. Çay yatağında qum və çınqıl çıxarılanda külli miqdarda iri və kiçik balıqlar məhv olur. Həmin dərinliyə çevrilmiş süni göllər çay yatağında yaradılmış olsa da, orada balıqlar yaşamır.
Çayın suyu qeyri-sabit bölünür. Üstəlik suyun azalmasına səbəb təkcə yataqlar yox, su-elektrik stansiyaları, kənd təsərrüfatı və texniki məqsədlərlə istifadədir.
Ekspert qeyd edir ki, xüsusilə də İmişli rayonunda vəziyyət ciddidir. Belə ki, rayon ərazisində 200 km²-dən çox ərazidə nəhəng qum-çınqıl karxanaları yaradılıb. Məhz bu səbəbdən də çayın biosisteminə daha çox bu rayonda ziyan dəyib. Təəssüf ki, problem ciddi olsa da hamımız buna göz yumuruq. Bunun nəticəsini önəmsəmirik.
Son illər qlobal istiləşmənin fəsadları daha çox hiss olunmaqdadır. 2024-cü ilin iyun ayının əvvəllərində İmişli rayonunun ərazisində qeydə alınan hava temperaturunun göstəriciləri belə deməyə əsas verir. İstilik 40°-yə yaxın müşahidə edilməkdədir. Günəş şüaları əvvəlki illərlə müqayisədə daha parlaq və yandırıcıdır. 2010-cu ilin aprel-may aylarında baş verən daşqınlar bu müddət ərzində bir dəfə də təkrar müşahidə olunmayıb. Suyun orta istiliyi çox artıb. Bu da çayda su səviyyəsinin azalmasına təsir edən amillərdən hesab edilir.
Saydığınız səbəblər də deməyə əsas verir ki, vəziyyət ürəkaçan deyil. Artıq həyəcan təbili çoxdan çalınıb. Sadəcə, hər birimizdən tələb olunan vətəndaş məsuliyyətimizi artırmaqdır.
Elmira Əhmədova
Araz Humanitar Tədqiqatlar İB
One Reply to “Qeyb olmuş balıqlar”
Comments are closed.