27.02.2023-cü il tarixində Saatlı rayonunda Azərbaycan Gənclər Fondunun “İdeyanı Reallaşdır -2022” Qrant Müsabiqəsinin qalib layihələrindən olan “İngilis dilini bilək, dünyaya səslənək!” layihəsinin bağlanış tədbiri keçirildi.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə layihədə iştirak edən gənclər, rayonun aktiv müəllimləri və GİKM-nin əməkdaşları olmaqla, ümumilikdə 30 nəfər iştirak etdi. Tədbirdə layihə müddətində görülən işlər və layihənin davamlığı üçün nəzərdə tutulan planlar haqqında ictimaiyyətə geniş məlumat verildi.
Aran Xəbərə müsahibə verən layihə rəhbəri, Saatlı rayon A. Bayramov adına Məmmədabad kənd tam orta məktəbin ibtidai sinif müəllimi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Saatlı rayon üzrə koordinatoru Rüfanə Mirzəyeva bildirdi ki, layihəni yazarkən “Gənc lider” qrantı istiqamətini seçdim. Məqsədim rayonumuzda özünü inkişaf etdirmək, özünə yeni dəyərlər qazanmaq istəyən gəncləri bir araya yığıb, onlarla komanda formalaşdırmaqdan ibarət idi. İnanırdım ki, özünü inkişaf etdirmək istəyən hər bir gənc, həm də liderlik ruhuna sahibdir. Bu səbəbdən layihənin icra müddətində iştirakçı gənclərlə həm də, liderlik bacarıqlarının inkişafı istiqamətində ardıcıl iş aparmışıq. Hesab edirəm ki, yaxın gələcəkdə bu işlərin nəticəsi olaraq regionumuzda xeyli aktiv gənc liderlər görəcəyik. Bu liderlərin hər biri ölkəmizin inkişafına öz töhfəsini vermiş olacaq.
R. Mirzəyevanın sözlərinə görə, 15.11.2022 – 01.03.2023 – cü il tarixlərində həyata keçirilən layihədə ingilis dili öyrənmək istəyən 30 nəfər gənc danışıq klubuna cəlb edilib. Həftədə 2 dəfə keçirilən təlimlərdə təlimçi Sübhan Hacıbabazadə tərəfindən müxtəlif interaktiv oyunlar, maraqlı öyrənmə üsulları tətqbiq edilərək gənclərin ingilis dili bacarıqlarının inkişafına şərait yaradılmışdır. Layihənin davamı olaraq həftədə 1 dəfə olmaqla Saatlı rayon Heydər Əliyev Mərkəzində ingilis dili təlimləri davam edəcəkdir.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edildi.






