Hadisə Region Sosial

Efirdə “Buradan çıxsam, məni öldürəcəklər”, deyən qadın yoxa çıxdı

Fevralın 4-də gecə saat 3-də evdən qaçıb Xoşqədəmin yanına gələn Məryəm Səfərəliyeva Rəsul qızı itkin düşüb.

Aranxeber baku.ws-ə istinadən xəbər verir ki, gedəcək başqa yeri olmadığını deyən hamilə qadın Xəzər TV-nin “Səni axtarıram” proqramından kömək istəmişdi.

Məryəm Quba rayonunun Dəlləkli kəndinə Zərdabi kəndindən gəlin köçmüşdü. Bu, onun ikinci evliliyidir. İlk evliliyindən olan iki uşaq atanın himayəsindədir. Əri beş aylıq hamilə Məryəmdən abort etdirməyi tələb etmişdi. Qadın buna etiraz etdiyindən onu dəfələrlə döyüb. Bətnindəki uşaq qız olduğundan əri onun dünyaya gəlməsini istəmir.

“Atam, qardaşım deyib ki, bizim qapıya gəlsən, öldürəcəyik”, – deyən Məryəm onlardan uzaq qaçırdı.

Məryəmin ikinci həyat yoldaşı qətl törətdiyinə görə 13 il həbsdə yatıb. Bu faktı ərə gedəndən sonra öyrənib.

X.Hidayətqızı qadına əvvəlcə böyüklərinin yanına, sonra polisə getməyi məsləhət görüb və onu atasına təhvil verərək yola salıb. Yola salarkən Məryəm efirdə belə deyib: “Buradan çıxsam, məni öldürəcəklər”.

İndi “Səni axtarıram” proqramına gələn atası həmin gündən qızının yoxa çıxdığını bildirib. Məryəm elə Xəzər TV-nin qapısından çıxandan sonra atasıgildən qaçıb. O gündən ondan xəbər yoxdur.