Bu gün Konstitusiya Məhkəməsi fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası keçirib.
Aranxeber xəbər verir ki, iclasda məruzəçi hakim Rövşən İsmayılov Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib.
Daha sonra çıxış edən hakim Rəfael Qvaladze bildirib ki, seçkilərlə bağlı Respublika Prokurorluğuna 67 müraciət daxil olub və müraciətlər baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndərilib. O bildirib ki, müraciətlər seçkilərin ümumi nəticələrinə təsir göstərməyib.
R.Qvaladze əlavə edib ki, Milli Məclisə seçkilərlə əlaqədar Bakı Apelyasiya Məhkəməsinə seçkilərlə bağlı 72 şikayət ərizəsi daxil olub:
“Bakı Apelyasiya Məhkəməsinə daxil olan ərizələrdən 13 iş aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilib, 16 iş üzrə iddia mümkün sayılmayıb, 41 iş üzrə iddia əsassız olduğu üçün təmin edilməyib. Sumqayıt Apelyasiya Məhkəməsinin məlumatına görə, həmin məhkəmədə Mərkəzi Seçki komissiyasının qərarı ilə bağlı 20 işə baxılıb. 12 iş üzrə iddia təmin edilməyib, Gəncə Apelyasiya Məhkəməsində Mərkəzi Seçki Komissiyasının qərarları ilə bağlı 18 inzibati işə baxılıb. Onlardan 15 iş üzrə iddia təmin edilməyib, 3 iş isə aidiyyəti üzrə göndərilib. Şirvan Apelyasiya Məhkəməsinə 24 ərizə daxil olub. 16 ərizə təmin edilməyib, 4 ərizə mümkün sayılmayıb, 1 ərizə aidiyyəti üzrə göndərilib. Şəki Apelyasiya Məhkəməsinin məlumatına görə, həmin məhkəmədə MSK-nın qərarı ilə bağlı 18 ərizəyə baxılıb. 15 iş üzrə ərizələr təmin edilməyib, 3 iş üzrə isə ərizələr mümkün sayılmayıb. Naxçıvan Ali Məclisinin məlumatına görə, MSK-nın qərarından məhkəməyə 1 ərizə daxil olub və iddia təmin edilməyib. Ali Məhkəmənin məlumatına görə, həmin məhkəmə tərəfindən 78 işə baxılıb. Onlardan 64 iş üzrə Apelyasiya Məhkəmələrinin qərarları dəyişdirilmədən saxlanılıb. 3 iş üzrə məhkəmə qərarları ləğv edilib, 9 iş üzrə isə şikayət mümkün sayılmayıb”.
Konstitusiya Məhkəməsinin iclasında seçkilərin yekun nəticələri təsdiq edilib.



