İmişli rayonun ümumi təhsil məktəblərinin 9-cu sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada sınaq imtahanları keçirilib.
aranxeber.com xəbər verir ki, İmişli rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə 19 yanvar tarixdə təşkil edilən imtahan beş mərkəzdə: şəhər 2 və 8 saylı, Qaralar (N.Abışov adına), Məzrəli və Şahverdili kənd tam orta məktəblərində keçirilib. İmtahanda rayon üzrə təhsil alan 1284 nəfər şagirddən 1156 nəfər iştirak edib.
İmtahan zamanı şagirdlər Azərbaycan dili, riyaziyyat və xarici dil (ingilis, rus və fransız dili) fənləri üzrə qapalı 90 test sualını cavablandırıblar.
Sınaq imtahanının keçirilməsində başlıca məqsəd 9-cu sinif şagirdlərinin bilik səviyyəsini yoxlamaq, onlarda məsuliyyəti və ümumən keyfiyyət səviyyəsini artırmaqdır. Bununla yanaşı, sınaq imtahanının nəticələrinin sonrakı mərhələdə görüləcək işlərdə nəzərə alınacağı da planlaşdırılır.
İmişli rayon Təhsil Şöbəsindən verilən məlumata görə, həlledici mərhələyə daha yaxşı hazırlaşmaq üçün bu tipli imtahanların aparılmasının davamlı olması nəzərdə tutulur.








