Region Sosial

Bələdiyyə seçkiləri İmişli şəhərində mövcud olan ictimai ayaqyolu problemini həll edəcəkmi?

Rayon mərkəzinin müxtəlif yerlərində yenə bələdiyyəyə namizədlərin şəkilləri yapışdırılıb. Namizədlər daha bir təbliğat kampaniyasını başa vurdular. Artıq seçkiyə bir gün qalıb. Bəs sakinlər bu barədə nə düşünürlər? Onların əksəriyyəti bələdiyyə seçkilərində seçiləcək üzvlərin bu dəfə də fəaliyyətlərinin səmərəsiz olacağını düşünürlər.

Bu barədə aranxeber.com-a danışan rayon sakini Alim Abdullayev deyir ki, bu seçki də ötən seçkidən heç nə ilə fərqlənməyəcək: “Keçənkilər nə etdilər ki, bunlar nə edələr!? Rayon mərkəzində bir yerdə də olsun ictimai ayaqyolu yoxdur. M.Ə. Sabir adına parkında şairin büstü isə… İnsanda bir abır-həya deyilən şey olmalıdır. Bu boyda rayonun imkanı yoxdurmu mərkəzdə ayaqyolu inşa etməyə?”

Ramin Əliyev isə namizədlərin yenə seçkiqabağı ancaq vədlər verdiyini deyir: “Bizdə namizədlər “seçilmək üçün” ancaq pafoslu vədlər verirlər. Elə ki “seçildilər”, vəssalam, daha iş yaddan çıxır. Təki, vəzifə olsun, qalan şeylər boşdur. Yapışın kreslodan, el çəksəniz, canınız çıxar! Ümumiliyə xeyirli bir işlə məşğul olmurlar. Ancaq cib və qarınlarını düşünürlər.” Valeh Həsrətov isə budəfəki seçkilərin tam şəffaf olacağına inanır: “Məncə, bu seçkilər tam şəffaf olacaq. Çünki, hamı çalışır ki, şəffaflıq olsun. Bu dəfə saxta seçki olacağına inanmıram.”

İmişli şəhər sakinlərini isə bir sual düşündürür: “Bələdiyyə seçkiləri İmişli şəhərində mövcud olan ictimai ayaqyolu problemini həll edəcəkmi?”