Dövlət İmtahan Mərkəzinin aprelin 3-də Bərdə şəhərində keçirdiyi ali təhsil müəssisələrinə qəbulun 1-ci mərhələ və orta təhsil müəssisələrində yekun qiymətləndirmə (11 illik, əvvəlki illər) imtahanlarında 1509 nəfər iştirak edib.
Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsindən bildirilib ki, imtahanların təşkil edilməsi üçün 6 imtahan binası ayrılıb, 6 ümumi imtahan rəhbəri, 130 zal nəzarətçisi, 17 imtahan rəhbəri, buraxılış təşkil edən 13 əməkdaş və 6 bina nümayəndəsi cəlb edilib.
Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska) təmin olunub.
Kütləviliyin və təmasların qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.
Məsafədən ölçə bilən elektron termometrlə imtahan binasına daxil olan iştirakçıların bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İmtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qanun pozuntusuna yol verilmədən başa çatıb.



