Baş İmişli Region Sosial

İmişlidə Böyük Vətən müharibəsi veteranları medallarla təltif olunub

“Heç kəs unudulmur, heç nə yaddan çıxmır.” Sovet hakimyyəti dövründə “Böyük Vətən müharibəsi” adlandırılan 1941-45-ci illərin sovet-alman hərbi savaşı və onun iştirakçıları nəzərdə tutularaq belə deyilirdi. SSRİ süqut etsə də, sovet ailəsinin üzvü olmuş xalqalar faşizm üzərində qələbəni hələ də qeyd etməkdədir. Bu il həmin tarixə hadisədən 75 il ötür.

Qanlı qırğın Azərbaycan ərazisindən kənarda olsa da, xalqımız üçün də böyük məhrumiyyətlərə və külli miqdarda maddi sərvətlərin itirilməsinə səbəb olub. 1941-1945-ci illərdə 640 min nəfər azərbaycanlı səfərbər edilərək Sovet Ordusu sıralarında cəbhəyə göndərib. Onların təqribən 300 min nəfəri döyüşlərdə və əsir düşərgələrində həlak olub, yaxud itkin düşüb.

Aranxeber xəbər verir ki, İmişlinin Şahverdili kəndində yaşayan Abdulla Cəfərov hələ də bədənində müharibədən “qazandığı” odlu silah qəlpəsini gəzdirir. Bu il onunçün ikiqat əlamətdardır- həm 100 yaşını qeyd edir, həm də qələbənin 75 illiyini. Bu günlərdə onun evi qonaq-qaralı olur. Ahıl çağında yaxasının yükü bir az da ağırlaşıb. Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar Abdulla Cəfərov həm Azərbaycan, həm də Rusiya Federasiyası tərəfindən təsis edilmiş yubiley medalı ilə təltif olunub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi cənab Rahib Ağayevdən öyrənirik ki, İmişli rayonunda bu medallar müharibənin sağ qalan daha iki iştirakçısına- Sarıxanlı kəndində Camal Kərimova və Qaralar kəndində Nəbi Nuriyevə təqdim olunub. Onlara həmçinin həm Dövlət Xidməti, həm də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından hədiyyələr verilib.

Veteranlar Təşkilatının İmişli rayon şöbəsinin sədri Mütəllim Bədirov bildirib ki, koronavirus pandemiyasına görə bu il kütləvi tədbir keçirmək mümkün olmayıb: “Amma yaxşı haldır ki, belə gündə də veteranlarımız diqqətdən kənarda qalmayıblar. Həm dövlət orqanları, həm də ictimai təşkilatlar mövcud imkanlar daxilində bu yubileyin layiqincə qeyd olunmasına öz töhfələrini veriblər.”