Baş İmişli Region Sağlamlıq

İmişli rayonunda qoruyucu maska çatışmır

Koronavirus pandemiyasının yayılma təhlükəsinin olduğu və qaldığı bir vaxtda İmişli rayonunda infeksiyadan qoruyan maska çatışmazlığı mövcuddur. Belə ki, sakinlər apteklərdə bununla bağlı problemlə qarşılaşdıqlarını bildirirlər.

Aranxeber xəbər verir ki, sakinlərin çoxu müraciət etdikləri apteklərdən mənfi cavab aldıqlarını deyirlər.

Rayon sakini Alim Əliyev gün ərzində demək olar ki, apteklərin hamısına müraciət etsə də, qoruyucu maska tapa bilmədiyini bildirir: “Hansı aptekdən soruşsam da, “yoxdur” cavabını aldım. Əl boyda parça nədir ki, o tapılmır? Aptekə gedirsən, deyir maska yoxdur, amma bəziləri əlaltından baha qiymətə satır. 10 qəpiyə olan parçanı indi 50-80 qəpiyə camaata sırıyırlar, özü də xətir-hörmətə, tanışlığa. Nəzarət də yoxdur.”

Vüqar Abbasov isə bəzi aptek sahiblərinin bu problemdən yararlanaraq dəllalıq etdiklərini deyir: “Qardaş, bizdə hər şeydən, hətta faciədən də pul qazanmağa çalışan acgözlər var. İndi bir çox aptekin əlinə yaxşı girəvə düşüb. Telekanallar yalandan səhərdən axşamadək deyirlər ki, bəs bu problemlə mübarizə üçün bağlı hər şeyimiz var. Yalandan danışmaqla deyil. Küçələri güdüb çölə çıxandan 8103-ə SMS göndərib-göndərmədiyimizi soruşunca, belə adi problemi həll edin e. Başqa ölkələrdə maskanı camaata havayı paylayırlar. Gördünüz, Türkiyə Prezidenti Ərdoğan əhaliyə pulsuz maska, əlcək və spirt paylanmasını tapşırdı. Bizdə necədir? Ancaq mənfəət güdürlər, camaatın cibinə girməkdən başqa bir şeyə yaramırlar.”

İmişli şəhər sakini Kənan müəllim isə bir neçə gün əvvəl qoruyucu maska tapmadığından bankla bağlı işini həll edə bilmədiyini qeyd etdi: “Pul göndərişi ilə bağlı getdim Beynəlxalq Bankın İmişli rayon filialına, dedilər maskasız içəri keçmək qadağandır. Şəhərin hansı aptekinə müraciət etdim, bildirdilər ki, axtarma, yoxdur. Bir sözlə, bir maskaya görə bank məsələsini həll edə bilmədim. Kimlərinsə tamahı, səhlənkarlığı ucbatından, görün, insanlar nəyə görə incidilir və narazı salınır.”

Məsələ ilə bağlı rayonda yerləşən apteklərə baş çəkdik. Lakin, apteklərin heç birində qoruyucu vasitə tapa bilmədik.