Amerika Birləşmiş Ştatlarının Ayoba şəhərində keçirilən sərbəst güləş üzrə dünya çempionatında Azərbaycan yığmasının üzvü Coşqun Əzimov qızıl medala sahib çıxıb. Yarışda idmanın bu növü üzrə dünyanın ən güclü 8 yığması: ABŞ, Yaponiya, Kuba, Azərbaycan, Qazaxıstan, Hindistan, Monqolustan və Gürcüstan yığmaları iştirak ediblər.
70 kiloqram çəki dərəcəsində yarışan həmyerlimiz ardıcıl şəkildə Kuba, Monqolustan, Qazaxıstan və ABŞ təmsilçisinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
“aranxeber.com”-a bu barədə Azərbaycanın Əməkdar məşqçisi Qalib Şükürov danışıb:
“Coşqun kişik yaşlarından mənim rəhbərliyim altında idmanın bu növünün sirlərinə yiyələnməyə başladı. Əzmkarlığı, çalışqanlığı onun ölkənin yığmasına cəlb olunmasına səbəb oldu. 4 ildir ki, yığmanın üzvüdür. 2 dəfə hərbçilər arasında təşkil edilən beynəlxalq yarışda gümüş medal qazanıb. O, İranda bir neçə dəfə keçirilən yarışlarda da medallar alıb”.
Əməkdar məşqçi dünya çempionu olan yetirməsinin uğurlarının bununla bitmədiyini qeyd edib:
“Coşqun Rusiya Federasiyasının Mahaçkala şəhərində dünyanın ən güclü idmançıları arasında keçirilən beynəlxalq yarışın qızıl medalını da qazanıb. İnanıram ki, onun uğurları davamlı olacaq”.
[Best_Wordpress_Gallery id=”108″ gal_title=”İmişlili pəhləvan dünya çempionatının qalibi olub”]



