Baş Region

“Dəyişən zaman, dəyişən şagirdlər” layihəsi.

Sabirabad rayonu H. Əliyev adına mərkəzdə  01 oktyabr tarixində Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant Müsabiqəsindəsinin  qalib layihəsi “Dəyişən zaman, dəyişən şagirdlər” layihəsinin seminarı təşkil olundu. Seminar rəsmi və bədii hissədən ibarət idi. Rəsmi hissəsində layihə rəhbəri  Sabirabad ş. N.Nərimanov adına 2 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Sevinc Məhərrəmova, Sabirabad r. Təhsil Şöbəsinin metodisti Kərimov Mansur müəllim, təlimçisi Səmra Bağıyeva, layihənin eksperti Rüfanə Mirzəyeva çıxış etdilər.

Layihənin məqsədi Saatlı, Sabirabad rayonları və Şirvan şəhərindən olan müəllimlərin şagirdlərə düzgün yanaşaraq, sağlam ünsiyyət qurmaları üçün onlara psixoloq tərəfindən seminar və təlimlər keçirilməsindən ibarətdir. Layihənin mövzusu bu gün çox aktual olan məsələlərdən biri olan gəncliyin dəyişən psixologiyasının təhsildə də yeni yanaşmaların tələb edilməsindən bəhs edir. İndiki halda müəllim – şagird münasibətləri zamanı düzgün yanaşmanın seçilməməsi onlar arasında ünsiyyət zəifliyinə, qarşılıqlı anlaşmazlığa gətirib çıxarır. Bunun əsas səbəblərindən biri öyrədənin öyrənənə öz prizmasından yanaşması, qarşı tərəfi öz bacarıqlarına nisbətdə qiymətləndirməsidir. Bu zaman öyrənənlər “mən sənin yaşında olanda, ……..”, “mən daha bacarıqlı idim, çünki……” , “mən bunu etmişəm ……” kimi ifadələri tez-tez  eşidirlər. Öyrədənlə öyrənən arasında müəyyən yaş fərqi olduğu kimi, düşüncələrin fərqliliyi də ortaya çıxır. Belə ki, müəllimin yaşadığı dövr və mühitlə, onun dərs dediyi şagirdin yaşadığı dövr və mühit arasında böyük fərq var. Bu kimi fərqlər isə müəllim tərəfindən (özündən asılı olaraq və ya olmayaraq) şagirdə qarşı istər fiziki, istərsə də psixoloji şiddət şəklində özünü göstərir. Bu zaman elə situasiyalar baş verə bilər ki, müəllim fərqinə varmadan şagirdə psixoloji travma vurmaqla onun cəmiyyətdən təcrid olunmasına səbəb olar.  

Müəllim işlədiyim illər ərzində ünsiyyət zamanı insanların bir-biri ilə davranış zamanı yol verdiyi kiçik səhvlərin necə böyük fəsadlara yol açdığını gördüm.  Anladım ki, hər bir insanın daxili aləmi onun yaşadıqları əsasında formalaşır. Yaşadıqlarımız  bizim real həyatda insanlara qarşı nə qədər yaxın və ya uzaq, xoşrəftar və ya əksinə kobud olacağımıza siraət edir. İnsan oğlu doğulandan artıq ünsiyyətə möhtacdır. Bu ünsiyyət ailə daxilində başlayıb sonradan məktəb həyatında davam edir. Məhz məktəb həyatı uşaqların həyata keçid rolunu oynayır. Bu zaman onların əhatəsində biz müəllimlər oluruq. Biz onların yaxın dostuna, sirdaşına,  həmsöhbətinə çevrilirik. Lakin gəlin belə bir sual verək özümüzə, mən bunu edə bilirəmmi? Unutmayaq ki, məktəb illərində, yanı kiçik yaş dövründə qoyulan travmalar insanı həyatı boyu izləyir !

Çox zaman belə bir fikiri şablon olaraq çox tez-tez səslədiririk : “ Biz uşaqları formalaşdırmalıyıq, gələcəyə hazır etməliyik!!!” Amma əslində onların formalaşmasına dəstək, kömək olmalıyıq, çünki formalaşdıran zaman biz gözləyirik ki, onlar bizim kimi olsunlar, bizə oxşasınlar. Əgər zaman, dövr, tələblər tez-tez dəyişirsə nə dərəcədə düzgündür ki hər şey standart qalsın?

VI Qrant Müsabiqəsində qalib olan layihə “Dəyişən zaman, dəyişən şagirdlər” layihəsi aşağıdakı mövzuları əhatə edəcək: 1.Mən necə müəlliməm? 2. Təlim prosesində yaranan çətinliklər 1. Yaş dövrlərinin psixoloji xüsusiyyətləri. 2. Ünsiyyətdə edilən səhvlər və həlli yolları. 3. Travma almış şagirdlərlə işin təşkili.4. Müəllimlərin valideynlərlə ünsiyyəti.

Müəllimlər təlimçi-psixoloqdan öyrəndikləri yeni üsul və yanaşma yollarını öz fəaliyyətlərinə tətbiq etməyə çalışacaqlar. Müəllimlər bu təlimə qoşulduqdan sonra şagirdləri ilə ünsiyyətdə etdikləri səhvlərin fərqinə varacaq və nəticə çıxararaq gələcək fəaliyyətlərində ünsiyyət zamanı qarşı tərəfə daha həssas yanaşacaqlar. Onlar şagirdlərlə ünsiyyətdə düzgün ifadələr işlədərək, onların yaş psixologiyasını nəzərə alaraq yanaşmalarını seçəcək və öz fəaliyyətlərində aqresiyaya, kobudluğa yol verməyəcəklər. Şagirdlərə mən-mən deyil, sən deyə müraciət edəcək və onlara bir şəxsiyyət kimi yanaşacaqlar. Müəllimlərin bu öyrəndiklərini effektiv şəkildə tətbiq etməsi şagirdlərin idraki, sosial, psixoloji və emosional  inkişaflarında özünü göstərəcəkdir.

Öyrənək ki, öyrədə bilək, inkişaf edək ki inkişafa səbəb olaq, əziz müəllimlər.

Layihə rəhbəri:  Sabirabad ş. N.Nərimanov adına 2 nömrəli beynəlmiləl Təbiət və Texniki fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi. İTE əlavə təhsil mərkəzinin təlimçisi, mentoru, Təhsil İnstitutunun təlimçisi