Hadisə Saatlı

Saatlıda narkotik tərkibli bitki becərən şəxslər saxlanılıb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan şəhər regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Mustafabəyli kənd sakinləri Müqəddəs İsgəndərov, Balayaz və Qorxmaz Şəmmədovlar saxlanılıblar. Onlara məxsus fərdi yaşayış evlərinə keçirilən baxış zamanı M.İsgəndərovun həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 15 ədəd, Balayaz Şəmmədovun həyətyanı sahəsində 14 ədəd və Qorxmaz Şəmmədovun həyətyanı sahəsində isə 6 ədəd çətənə bitkisi aşkarlanıb.

Faktlarla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.