Ölkə

Səfir: “Əsas məqsədimiz odur ki, Bakının hər yerində “İmagine” sözü səslənəndə ilk ağıla gələn bu festival olsun”

“Biz bu dəfə daha yaxşı iş görməyə çalışacağıq. Ancaq əsas məqsədimiz odur ki, Bakının hər yerində “İmagine” sözü səslənəndə ilk ağıla gələn bu festival olsun. Bu işi gələcəyin gözəl ənənəsinə çevirmək istəyirik”.

aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas Bakıda yenidən keçiriləcək “İmagine” Avrotolerantlıq Festivalı ilə bağlı mətbuat konfransında deyib. O, festivalın Azərbaycan və festivala qatılan bütün Aİ ölkələrini tolerantlıq prinsipi ətrafında birləşdirəcəyinə ümidvarlığını ifadə edib.

Polşanın Azərbaycandakı səfiri Marek Salka festivalın əhəmiyyətindən söz açaraq bildirib ki, bu festivalla bağlı əməkdaşlıq davam etdiriləcək: “Bu, həm Azərbaycanla olan əməkdaşlığımıza, həm də Azərbaycan və Aİ arasındakı əməkdaşlığa bir töhfədir”.

Səfir çıxışında festival çərçivəsində nümayiş etdiriləcək filmlərdən də söz açıb.

“Park Cinema” satış departamentinin rəisi Musa Axundov yeniliklərdən danışaraq qeyd edib ki, artıq tək Bakı yox, regionlar da festivala qoşulacaq. İlk olaraq Qubada film nümayiş etdiriləcək.

CINEX şirkətinin nümayəndəsi Mariya İbrahimova deyib ki, bu il 4-9 oktyabr tarixlərində “Doku Baku” festivalı yenidən keçiriləcək.

“ASAN Radio”nun rəhbəri Emin Musəvi çıxışında Azərbaycanın həmişə tolerant ölkə olduğunu vurğulayıb.

Konfransda festivalın yeni loqosu da təqdim edilib.

Qeyd edək ki, festival 2-17 may tarixlərində baş tutacaq. Festival çərçivəsində musiqi tamaşaları, master-klasslar, teatr sərgiləri, film nümayişləri, debatlar olacaq. Tolerantlıq və müxtəliflik mövzusunda 40-dan çox sənədli film təqdim ediləcək.

Bir cevap yazın