Ölkə

Londonda Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və hərbi attaşeliyinin təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümünə həsr olunan rəsmi ziyafət təşkil edilib.

aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, rəsmi ziyafətə Britaniyanın dövlət və hökumət nümayəndələri, Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Britaniya ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələri qatılıb.

Əvvəlcə Azərbaycanın və Britaniyanın dövlət himnləri səsləndirilib. Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Tahir Tağızadə suveren Azərbaycan dövlətinin tərkibində Silahlı Qüvvələrin xüsusi rolu olduğunu vurğulayıb. O bildirib ki, 1918-ci ildən bəri Böyük Britaniya ilə ənənəvi əməkdaşlıq sıx şəkildə inkişaf edir.

Azərbaycanın Böyük Britaniyadakı hərbi attaşesi Vüqar Əhmədov 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu və bir ay sonra – 26 iyun tarixində silahlı qüvvələrin yarandığını bildirib: “Bu, cəmi iki il çəkdi və 1920-ci ildə Azərbaycan işğal edildi. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra silahlı qüvvələrin də yenidən əsası qoyuldu”.

V. Əhmədov deyib ki, Azərbaycan bölgədə sülh və əmin-amanlıq istəyir: “Ancaq biz eyni zamanda işğal edilmiş torpaqlarımızın geri qaytarılmasını və ərazi bütövlüyümüzün bərpasını istəyirik. Bizim tələblərimiz tarixə, beynəlxalq hüquqa və ədalətə söykənir. Müasir dünyamızda işğal qəbuledilməzdir. Ümidvaram ki bölgədə sülh və əmin-amanlıq tez bir zamanda bərpa oluncaq”.

Hərbi attaşe qeyd edib ki, Azərbaycan NATO-nun regionda mühüm tərəfdaşıdır və bunu sadəcə bəyanatla yox, öz hərəkətləri ilə də göstərir: “Biz İraq və Kosovoda olduğu kimi, hazırda Əfqanıstandakı sülhməramlı əməliyyatlara da dəstək veririk”.

Böyük Britaniya müdafiə nazirinin müavini Earl Hov İkinci Dünya müharibəsində vuruşan hər 7 azərbaycanlıdan birinin qadın olduğunu bildirib. O, müsəlman dünyasında səsvermə hüququnun ilk dəfə azərbaycanlı qadınlara verildiyini xatırladaraq bunun heç də təsadüfi olmadığını vurğulayıb. E. Hov Azərbaycanın uzun zamandır Böyük Britaniyanın yaxın dostu və tərəfdaşı olduğunu söyləyib: “Azərbaycanın stabil mövqeyi Qafqaz regionunda vəziyyətin qorunmasında əsas amillərindən biridir”.

E. Hov Azərbaycanın Böyük Britaniyanın mühüm biznes tərəfdaşlarından biri olduğunu vurğulayaraq hazırda Azərbaycanda Britaniya kapitallı 450 şirkətin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, 2018-ci ilin fevral ayında iki ölkə arasında “2018-2019-cu maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalandığını xatırladıb.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar üçün ziyafət təşkil olunub.