Hadisə Ölkə

Kürdəmirin “ağ qızıl” sahələrində məhsulun 90 faizi kombaynlarla yığılacaq

Kürdəmir rayonunda ciddi hazırlıqdan sonra pambıq yığımına start verilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Qorxmaz Şükürov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari mövsümdə Kürdəmirdə 2501,9 hektar sahədə pambıq yetişdirilib. Bütün ərazilərdə, xüsusilə daha çox pambıq yetişdirilən Şilyan, Qarasu, Muradxan, Sor-Sor, Karrar və bir sıra digər ərazi icra nümayəndəliklərində “ağ qızıl” yığımına daha mütəşəkkil hazırlıqla başlanılıb. İlk gündən sahələrə 50-dən çox işçi qüvvəsi cəlb olunub. Bu il sahələrin 90 faizinin məhsulunun pambıqyığan maşınlarla yığılması nəzərdə tutulub. Hazırda tarlalar defolyasiya edilir. Məhsul yığımı üçün 14 pambıqyığan maşın start vəziyyətindədir və texnikalar səhərdən sahələrə çıxarılacaq.

Qeyd edək ki, pambığın hər tonunun qiymətinin 50 manat artırılması bu sahə ilə məşğul olanların marağını daha da artırıb. Bölgədə məhsulun son qozasınadək itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib. Ötən il hər hektardan 28,7 sentner “ağ qızıl” götürən pambıqçılar cari mövsümdə məhsuldarlığın 30 sentnerdən çox olacağı qənaətindədirlər.