Baş Region

İmişli sakinləri ayaqyolu problemindən gileylənir

İmişli rayonunda uzun müddətdir ictimai ayaqyolu problemi var. Rayon mərkəzində 35 minə yaxın sakin yaşayır və bu problem dəfələrlə qabardılsa da, hələ də öz həllini tapmayıb.

Mərkəzi bazarın qarşısındakı mağazalardan birində işləyən Vaqif Əliyev aranxeber.com-a bildirib ki, M.Ə.Sabir adına parkda əvvəllər ödənişli ayaqyolu olub:

“Yavaş-yavaş parkın ərazisi yağmalananda oranı bir günə qoydular ki… Az sonra isə sökdülər. Tamah nə olarmış? İndi, qardaş, keçib ta utanmaqdan, adam təbii ehtiyacını bilmir harada həyata keçirsin. Məcbur oluruq evə gedək. Bu boyda şəhərdə bir ümumi ayaqyolunun olmaması çox utancverici bir haldır. Adam belə problemi danışmağa da utanır, amma neyləyək, deməliyik”.

Jurnalist işləyən Nizami Aslanoğlu belə bir vəziyyətin acınacaqlı olduğunu bildirir:

“Bu barədə dəfələrlə deyilib, nəzərə çatdırılıb. Bu, elə bir problemdir ki, vallah, adam çox qabartmağa da utanır. Nə qədər demək, yazmaq olar? Axı, bu, həlli çətin olan bir problem də deyil. Şəhərin bəzi yerləri var ki, oradan üfunətin qoxusundan keçmək olmur. Axı bu antisanitariya vəziyyəti yaradır. Bu iyrəncliyə nə vaxt son qoyulacaq? İnsanları da qınamaq olmur… Yaşlı var, uşaq var. Bu problemi tezliklə həll etmək lazımdır”.

İmişli Bələdiyyəsinin sədri Mehman İsmayılov problemin yaxın günlərdə həll olunacağını deyir:

“Bu problemin tezliklə həll olunması gündəmdə idi. Bunun üçün iki yer müəyyənləşdirilib: “Accessbankın arxasındakı kiçik boş sahə və M.Ə.Sabir adına parkda münasib yer var. Bu iki yeri sözügedən problemin həlli üçün planlaşdırmışıq. Yaxın günlərdə tikintiyə başlanılacaq”.

Bir cevap yazın