Hadisə Yevlax

Bu il Yevlaxda 8500 tondan çox pambıq istehsalı gözlənilir

Ötən il hər hektardan orta hesabla 34,9 sentner “ağ qızıl” tədarük edən yevlaxlı pambıqçılar bu il 8500 tondan çox məhsul istehsal etməyi, hektarın orta məhsuldarlığını 37 sentnerə çatdırmağı qarşıya məqsəd qoyublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2021-ci ildə rayonda 1677,6 hektarı “MKT İstehsalat Kommersiya” MMC və 650 hektarı “P-Agro” MMC ilə müqavilə əsasında 2327,6 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.

Hazırda təxminən iki həftə sonra başlanacaq pambıq yığımına hazırlıq işləri görülür – kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Rayonda sahələrin 90 faizində pambığın kombaynlar vasitəsilə yığılması nəzərdə tutulur. Pambıq yığımına 9 ədəd kombayn, 30 ədəd traktor, 60 ədəd qoşqu cəlb edəcək.