Ölkə

Bu il Naxçıvanda əsas kapitala 395 mln. manata yaxın vəsait yönəldilib

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 959 mln. 712 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub.

Naxçıvan Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3% çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artaraq 2116,7 manata çatıb.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu sahə üzrə 431 mln. 456 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6% çoxdur.

Vəsait qoyuluşları çərçivəsində bu ilin yanvar-may aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 394 mln. 770 min 400 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 2,4% çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 373 mln. 660 min manatı və ya 94,7%-i tikinti-quraşdırma işlərinin payına düşüb.