Ölkə

Beynəlxalq Yer Günü ilə əlaqədar 12 hektar sahədə abadlıq işləri aparılıb

Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 21-də Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 30-cu kilometrliyində mövcud olan yaşıllıqlara qulluq edilməsi məqsədilə iməcilik keçirib.

İməcilikdə nazirliyin əməkdaşları, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak edib.

aranxeber.com SalamNews-ə istinadla xəbər verir ki, aksiyada sözügedən ərazinin 12 hektar sahəsində abadlıq işləri görülüb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib və ərazi alaq otlarından təmizlənib.

Qeyd edək ki, 22 aprel – Beynəlxalq Yer Günü ilə əlaqədar regionlarda da nazirliyin yerli qurumları tərəfindən iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.

Xatırladaq ki, həmin təqvimin keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. 1882-ci ildə 22 aprel tarixi ABŞ-ın Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlanıb. 1970-ci ildən sonra isə ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer günü” adlandırılıb.

Bir cevap yazın