Hadisə Ölkə

Beyləqanda şəhid Mahir Dadaşzadənin xatirəsi anılıb

Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində şəhid Dadaşzadə Mahir Qərib oğlunun doğum günü münasibətilə tədbir keçirilib.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlının, rayon icra hakimiyyətinin əməkdaşlarının, şəhidin ailə üzvlərinin və döyüş yoldaşlarının, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən, şəhid Mahir Dadaşzadənin keçdiyi döyüş yolundan söhbət açıblar. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalıdır.

Sonra şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, musiqilər ifa ediblər.