Baş Hadisə Ölkə Saatlı

Saatlıda şəhid Elmir İbrahimovun xatirəsinə inşa olunan bulaq istifadəyə verilib

Saatlı rayonu Məzrəli kəndində şəhid Elmir İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə inşa olunan “Şəhid bulağı” istifadəyə verilib. Açılış mərasimində İcra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri, Elmirin döyüş yoldaşları, müəllimləri, oxuduğu məktəbin şagirdləri, uşaqlı-böyüklü kənd camaatı iştirak edib.

-Onlar şəklə çevrilib lövhələrdən boylanır, kitab olub oxunur, nota düzülüb səslənir, bulağa çevrilib çağlayır…
Onlar yol kənarlarında, parkda, bağda, məktəbdə, klubda, kitabxanada, demək olar ki, hər yerdə var. Olmadıqları məkanlarda belə yada düşür, xatırlanırlar…
Müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”də deyilir: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər.”
Mayın 2-də Saatlı rayonunun Məzrəli kəndində Elmir İbrahimovun doğum günü idi- 26 yaşı tamam olurdu. Bu, ikinci ad günüdür ki, özünün iştirakı olmadan qeyd edilir.

Kənd ağsaqqallıları adından çıxış edən – Vaqif Həsənov, Elmirin uşaqlıq vaxtlarından bəhs edərək şəhidimizin necə vətənpərvər və çalışqan olduğunu açılışda iştirak edənlərin diqqətinə çatdırdı.


Hər şey quru rəsmiyyətdən kənar, təbii və təsirli idi. Bulağın rəmzi açılışını bildirən qırmızı lentin kəsilməsi hansısa icra məmuruna yox, şəhidin atası Akif kişiyə həvalə edildi. Çıxış edənlərin hamısı Elmirin ata-anasına “belə övlad tərbiyə etdiyiniz üçün qarşınızda baş əyirik” sözünü dilə gətirdilər. Valideyn üçün bundan böyük fəxarət ola bilərmi?..
Bu ad günü törənini camaat özü təşkil etmişdi. Əsas təşkilatçılıq isə 4 nəfər qadının üzərinə düşmüşdü: Məzrəli kənd orta məktəbinin direktoru Günel İmanəliyeva, onun təşkilat məsələləri üzrə müavini Sara Həsənova, ibidai sinif müəllimləri Nuridə Qasımova və Arzu Əzizova. Məktəblilərin ifasında təqdim edilən ədəbi-bədii kompazisiya son dərəcə təsirli idi.


Əllərdə Elmirin portreti ilə yanaşı, dövlət bayraqları da tutulmuşdu. Onu üçrəngli bayrağımızla doğmalaşdıran bir cəhət də var- noyabrın 9-da- məhz “bayraq günü” ona bükülərək torpağa tapşırılmışdı. O, bayraq ki, şəhadətə yetməzdən əvvəl Elmir onu Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut və Şuşada dalğalandırmışdı. “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Şuşanın azad edilməsinə görə” medallarını yaxasına taxmağa amanı olmadı.


“Qurani-Kərim”də belə bir ayə də var: “Allah öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz.”
Ümid edirik ki, Elmir kimi oğularımızın uğrunda canından keçdiyi torpaqlar yadellilərdən və partlayıcı silahlardan tam təmizlənəcək, o yerlər yenə əvvəlki kimi laləzara çevriləcək. 30 ildir vaqon və çadırlarda, yataqxanalarda əziyyət çəkmiş köçkünlərimiz nəhayət doğma yurdlarına qayıtmaq, rifah içində, qürurlu həyat yaşamaq istəyirlər. Hazırda inşa edilən şəhid bulaqları bu arzularla çağlayır…