Kateqoriyalar: Ölkə

Ermənistandan Azərbaycana savaş şansı – danışıqlara son, yoxsa…

Politoloq: “Ola bilsin, bir neçə il sonra “təhlükəsizlik xətti” Ağdamdan deyil, İrəvandan keçsin…”

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son günlər İrəvan və Bakı ilə telefon əlaqəsi saxlamasının səbəbi bəlli oldu. Belə ki, 21 aprel tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatında görüşün baş tutduğu açıqlandı. 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, tərəflər arasında müzakirələr bir saat yarımdan çox davam edib. Görüş zamanı tərəflər qlobal COVİD 19 pandemiyasının bölgəyə təsiri və bölgədəki ən son hadisələri müzakirə ediblər. Tərəflərin cari ilin 30 yanvar tarixində Cenevrədə qəbul etdikləri birgə bəyanata uyğun olaraq, Qarabağ münaqişəsinin həlli prosesi üzrə növbəti addımlar nəzərdən keçirildi. Koronavirus infeksiyasının yayılması ilə bağlı öncədən planlaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsinin, eləcə də nazirlərin görüşünün və həmsədrlərin bölgəyə səfərlərinin təxirə salındığı qeyd olundu.

Bununla belə, bu tədbirləri hazırlamaq üçün müvafiq işin davam etdirildiyi vurğulanıb. Mövcud ümumdünya sağlamlıq böhranı vəziyyətində atəşkəs rejiminə riayət olunmasının və hər hansı təxribatlardan çəkinmənin vacibliyi qeyd olunub. Bildirilib ki, konfliktin həlli üzrə Azərbaycanın mövqeyi dəyişilməz qalır və o, münaqişənin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında əks olunduğu kimi beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsinə əsaslanır. Tərəflər təmasları saxlamağı və danışıqları mümkün qısa zamanda davam etdirməyi razılaşdırıblar. Azərbaycan substantiv danışıqların intensivləşdirilməsini tələb edir, çünki bölgənin hazırda üzləşdiyi vəziyyətdən çıxmağın başqa bir yolu mövcud deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh prosesinin hərbi nəticələr olmadan irəli aparılması imkanlarını nəzərdən keçirirlər.

Rəsmi açıqlamada qeyd olunub ki, tərəflər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan təmasların mümkün qısa zamanda davam etdirilməsi barədə anlaşıblar. Ancaq Z.Mnatsakanyan S.Lavrovun masa üzərində mərhələli həlli nəzərdə tutan razılaşmaların olması və ətraf rayonların azad olunacağına dair bəyanatına həyasızcasına verdiyi cavabla əslində danışıqların davamının mənasız olduğunu nümayiş etdirdi. “Ermənistan üçün Qarabağ məsələsinin Azərbaycana ərazi güzəştləri ilə həlli yolverilməzdir” -erməni nazir deyib. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda prioritet olan öz müqəddəratını təyinetmə prinsipi mövcuddur.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı Musavat.com-a dedi ki, koronavirus dönəminin dondurduğu məsələlərin başında Dağlıq Qarabağla bağlı ilk siyasi gəlişmələrin başlaması yaxşıdır, ya pisdir, bunu gələcək göstərəcək: “Amma bu məsələdə Rusiyanın fəallıq göstərməsi bir az düşündürücüdür. Rusiya bu məsələyə nədən belə önəm verir? Həmişə ermənilərin mövqeyindən çıxış edən Lavrovun məsələyə Madrid prinsipləri çərçivəsində “baxması” Rusiyanın yeni yanaşmasıdırmı? Məsələyə prezidenti Vladimir Putinin son zamanlar bir çox mübahisələrə səbəb olan “inteqrasiya” siyasəti kontekstindən də baxmaq olar. Rusiya SSRİ- ni başqa bir formada bərpa etmək istəyirsə, demək, keçmiş respublikaları, onların xalqlarını razı salmalıdır, həmin cəmiyyətlərdə bir yumşalma getməlidir. Bu məsələ ilk vaxtlar ortaya atılanda “inteqrasiyaya” ən çox etiraz edən Ermənistan olmuşdu”.

Q.Çaxmaqlının sözlərinə görə, Ermənistanın bu narazılığının kökündə dayanan səbəblərdən biri Dağlıq Qarabağ problemidir: “Bu ölkədə belə bir ovqat var ki, Rusiya bu məsələni Ermənistanın xeyrinə həll etmir. Onda nədən erməni cəmiyyəti Putinin proyektinə “hə” deməlidir? Ermənistan XİN başçısı Mnasakanyanın “təhlükəsizlik xətti” ilə bağlı bəyanatı bu məsələyə həsr olunub. Əgər Lavrov və digər həmsədr ölkələrin təmsilçiləri “Madrid prinsipləri”ni, daha doğrusu, yenilənmiş “Madrid prinsipləri” ilə hərəkət edəcəklərsə, onda Ağdam qarışıq işğal olunmuş Azərbaycan rayonları mərhələ-mərhələ (!) boşaldılmalıdır. Bəli, bu prinsiplər tətbiq olunmazdan öncə ermənilər Dağlıq Qarabağın statusunun müəyyən edilməsini istəyirlər və bu qəbuledilməz olduğundan məsələ dalandadır”.

Politoloq qeyd etdi ki, Lavrovun ifadə etdiyi kimi “masada olan sənəd” Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll variantıdır: “Ermənilər göyə çıxsalar da, Azərbaycan bu prinsipdən vaz geçməyəcək. Ermənilər bu işi daha da uzatmağa çalışsalar, ola bilsin, bir neçə ildən sonra Mnasakanyanın dediyi “təhlükəsizlik xətti” Ağdamdan deyil, İrəvandan keçsin. Belə bir bəyanatı da gərək biz deyil, cənab Məmmədyarov versin”.

Amma Azərbaycan XİN-in erməni nazirin sərsəm iddialarına reaksiyası nəinki adekvat olmayıb, hətta Azərbaycanda kifayət qədər etirazlara səbəb olub, bu barədə ayrıca yazılar dərc olunub.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Lavrovun Qarabağ münaqişəsi ilə bağlı verdiyi son açıqlama həm Azərbaycanda, həm də Ermənistanda ciddi rezonansa səbəb olub: “Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Lavrovun təkliflərini dərhal rədd edib. O deyib ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşalda bilməz, həmin rayonlar separatçılar üçün təhlükəsizlik zonası sayılır. Əslində Zöhrab Mnatsakanyan yalan deyir. Ermənistanın indiki və keçmiş xarici işlər nazirləri, o cümlədən prezidentləri rəsmi Bakı ilə danışıqlarda hər zaman Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması mövzularını müzakirə ediblər. Rayonların boşaldılması qarşılığında status məsələsini ortaya atıblar. Aydındır ki, Zöhrab Mnatsakanyanın açıq şəkildə Lavrovun sözlərini təkrarlaması problematikdir. Əks halda, Ermənistanın indiki hakimiyyəti “Qarabağ klanı” və digər millətçi qrupun hücumları ilə üz-üzə qalacaq. Ancaq əgər Lavrov açıqlamasında səmimidirsə, Ermənistan hakimiyyətini “mərhələli həll” planına razı salmaq Kreml üçün çətin olmamalıdır”.

Ekspert deyir ki, Ermənistan Rusiyanın təsiri altındadır: “Koronavirusun yayıldığı indiki ağır məqamda Ermənistanın daha çox Rusiyanın yardımına və dəstəyinə ehtiyacı var. Əslində indiki ağır zamanda “mərhələli həll” planı Ermənistan üçün şansdır. Onsuz da koronavirusa görə Ermənistan ağır iqtisadi duruma sürüklənib, sərhədlərinin tamamı bağlıdır və nə zaman açılacağı bəlli deyil. Ermənistanın Azərbaycan və Türkiyə ilə barışığa hazır olması bu dövlətin qorxduğu müharibədən qurtulması və regional əməkdaşlığa qoşulması perspektivi yaradır. Ancaq İrəvanın bu şansdan istifadə edəcəyini söyləmək çətindir”.

“Atlas” rəhbərinin sözlərinə görə, əgər Mnatsakanyan deyirsə ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaq, onlayn görüş danışıqların imitasiyasından başqa heç nə deyil: “Əslində bu imitasiyanın davamındansa həmsədrlərin Lavrovun “mərhələli həll” planı və BMT qətnamələri barədə dediklərini təkrarlamasına ehtiyac var idi. Həmsədrlər isə onlayn görüşdən sonra ənənəvi və heç bir əhəmiyyət kəsb etməyən növbətçi bəyanatlarını yayınlayıblar”.

Bu arada Serj Sərkisyan da “xortlayıb”. “Mərhələli həll bizim milli maraqlarımıza uyğun deyil. Bu, Ermənistanla Qarabağ üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər” – eks-prezident deyib. Danışıqların dalana dirənməsi şəraitində Qarabağ məsələsi yenə də ermənilərin əlində siyasi kapital toplamaq vasitəsi olub. Azərbaycan ordusu bir həmlə ilə onların bu oyunbazlığına son verə bilər, Ermənistan XİN başçısının son sərsəmləməsi zatən, buna əsas yaradır.

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun ayırdığı maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Musavat.com

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024