Lap uşaqlıqdan ədalətli, saf, rüşvətin olmadığı cəmiyyətdə yaşamağı
arzulamışam… Bunu da mənə atam aşılayıb. “Az ye, ucuz paltar geyin, amma hansısa yollarla vəzifəyə can atıb iş görmək əvəzinə çapqınçılıq, oğruluq, axtakarlıq, əliəyrilik etmə”-deyib. Çünki, bu xüsusiyyətlər insanı yaltaqlığa, qorxaqlığa, süniliyə vadar edir. Bu cəhətlər də insanı murdar bir məxluqa çevirir…
Nə vaxtsa cəmiyyətimiz üçün utopik hesab olunan arzularıma çatacağıma
inanıram da… Bəlkə də, çatmayacağam… Yaşayaq, görək nə olur.
Bu və ya digər sahədə mənfiliklər haqqında söz düşəndə: “əşi, onsuz da, biz
düzəlməyəcəyik”-deyə gileylənirik. Niyə? Çünki, özümüzü, nəfsimizi, tamahımızı islah etmək fikrində deyilik… Kimsə cəmiyyətdə hər hansı mənfiliyin olmasını istəmirsə və ya həmin haldan şikayətlənirsə, ilk olaraq özündən başlamalıdır.
Buyur, özünü sübut et, nümunə ol! Hər kəsin düşüncə özəlliyi var. İnsan var vəzifə qazanmaq üçün gecə-gündüz çalışıb imtahanlara hazırlaşır, müxtəlif yollara əl atır… Gözlənilir ki, bu insan özü ilə bərabər işə keyfiyyət yeniliyi, gözütoxluluq gətirəcək… O insan vəzifəni
qazandıqdan sonra isə mənfiliyin bütün yollarına baş vurur!… Hətta, o kiçik vəzifədə belə monopoliyaya da əl atanlar olur… İş görmək keçir arxa plana… “Qaz vurub qazan doldurulma” başlanır, nə başlanır! Özü də, belələri elə dəyişirlər! Eləsi kresloya əyləşəndə insanlar gözünə əskinaslar kimi görünür… (Çox təəssüflə olsun ki, çox az faiz istisnadır…) Bəli, qəbul etməliyik ki, bu cəmiyyətin yaşam reallıqlarıdır. Belələri ilə cəmiyyət heç vaxt düzəlməz…
Təbii ki, hər kəsin düşüncəsində ədalət, saflıq anlayışları fərqli şəkildə başa
düşülür. Mən heç də insanın özünə yüksək həyat şəraitinin qurmasına qarşı deyiləm. İnsan ev də tikər, alar və ya maşın da alar. Amma, necə? Əliəyrilik, oğruluq, rüşvətxorluq etməməklə! Bunun üçün zəhmət çəkmək lazımdır. “Neyləyim, məcbur olub əliəyrilik edirəm və ya “alıram”-bəhanəsi artıq köhnəlib. Belə məsələdə ən asan yol bəhanədir. İndi heç kimi də vəzifəyə məcbur təyin etmirlər… ( Yəqin ki, mənim bu fikirlərimi oxuyan bəziləri ironiya ilə gülürlər ki, müəllim yenə başladı… Onları başa düşürəm, hər kəsin təməldən öz yolu olur…) Cəmiyyətin normal yaşayışı da normal prinsiplərdən başlanır. Bu prinsiplər tapdalananda ədalətsizliyin zərbələri bütün gücü sadə insanlara dəyir və sosial tarazlıq pozulur… Cəmiyyətlə bağlı çox arzularım var, amma mövcud reallıqla uzlaşmır bu arzular… Daha doğrusu, tamahı daş mişarından da iti olan insanların
yaşadığı bir dövrdə mümkünsüz görünür… Vəzifəli insan olub ki, öldüyü günə kimi rüşvətxorluq, əliəyrilikdən, oğruluqdan əl çəkməyib. Ölür e, yenə əl çəkməyib!… Yazıq!…
Etiraf edək ki, həyatın bütün ağırlıqları sadə insanların çiyinlərində daha çox olur. Onlar itkilərə daha çox məruz qalırlar. Ən ağır zərbələr aşağı təbəqənin nümayəndələrinə dəyir. II Qarabağ müharibəsi bunu bir daha sübut etdi.
Torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşə atılan, şəhid olan,
yaralanan kasıb ailələrinin övladları oldu… Niyə axı? Bəs imkanlıların-vəzifəlilərin övladları? Onlar bu Vətənin havasını udub, suyunu içib, çörəyini yemirlərmi? Axı Vətənin ən dilbər guşələrində özlərinə dəbdəbəli şərait quranlar, həmin yerləri qala-hasarlara alan onlardır… Yay vaxtı ölkənin hansı dağlıq ərazisinə gedib mənzərəli bir yerdə süfrə salıb əyləşmək istəyirsən, dərhal başının üstünü kəsdirirlər ki, bura filan məmurundur e, pulludur! Hansı ölkədə mənzərəli təbiət qoynu ayrı-ayrı məmurlar tərəfindən zəbt edilir? Xəzər sahillərindən danışmağa
isə dəyməz…
Gördünüzmü, bir neçə gün əvvəl bir neçə yüksək vəzifəli məmur Şuşa
şəhərində özlərinin yerli ofis-nümayəndəliklərini açmaq üçün ölkə başçısına müraciət etmişdilər… O da cavablarını verdi. Ölkənin ən dilbər güşələrini zəbt ediblər, gözləri yenə doymur. Belə harınların övladları müharibədən əvvəl səfərbərlik üçün könüllü şəkildə qeydiyyata yazılıb özlərini reklam etmişdilər. Döyüşlər başlayanda isə bir nəfəri də cəbhədə tapılmadı… Bəli, torpağı qorumaq lazım gəldikdə kasıb övladları, onun bar-bəhrəsini mənimsəmək, sümürmək lazım olanda isə siz və övladlarınız!…
Vətən torpaqlarının işğaldan azad olunması üçün aparılmış savaşda minlərlə gəncimiz şəhidlik zirvəsinə yüksəldi. Nə üçün? Vətənimizin bütövlüyü, ədalətin bərpası, bizə bu torpağı miras olaraq qoyub getmiş əcdadlarımızın nigaran ruhlarını şad etmək üçün! Təkcə bu səbəbləri nəticələndirmək üçün yox, həm də bütün sahələrdə mənəvi təmizlik, ədalətlilik prinsiplərini bərqərar etmək üçün!
Müharibə gedən ərəfədə və ondan sonrakı vaxtlarda sosial şəbəkələrdə
şəhidlər haqqında çoxsaylı paylaşımlar oldu bir çoxları tərəfindən… Hörmətli həmin insanlar, Şəhidlər bu Vətən üçün cavan canlarından keçdilər, siz də tamahınızdan, nəfsinizdən keçin! Keçərsinizmi?… Yalnız öz halal maaşınıza yiyəlik edin, kiminsə haqqına girib sonra gen-gen danışmayın… Şəhidlərin xatirəsini sözdə yox, həm də əməlinizlə uca tutun!
Bəlkə də, utopik sayıla biləcək bir arzum var… Çox istərdim ki, hansısa
vəzifəyə təyin olunan kəslər öz işinin icrasına başlayanda və sonrakı fəaliyyət müddətində rüşvətxorluq, əliəyrilik və qohumbazlıq etməyəcəklərinə dair Qurani-Kərimə and içələr… ( Bu sətirləri oxuyacaq bəzi kəslər yəqin ki, ironiya ilə gülümsəyəcəklər…) Görəsən, nə vaxtsa can üstündə Allahı köməyə çağıran bir çoxlarının yadına etdiyi əməllər, necə yaşadığı düşəcəkmi?!… Dünyadan övladlara təkcə maddi irs qoyub getmək kifayət deyil, mənəvi təmizlik irsi də vermək vacibdir… Amma, təməldə olmayan halda bu çox çətin…
Bir çoxlarının bəhanəsi budur: “Palaza bürün, ellə sürün”… Və bir çoxları bu deyimin yalnız mənfi yöndə olan hissəsindən yapışır… Hünərin var, bunu yaxşı iş görmək nöqteyi-nəzərdən özünə ehtiva et e! Bir çoxlarının özlərinin tamahkarlığına, əliəyriliyinə haqq qazandırmaq üçün babalarımızın vaxtilə ümumilikdə yaxşı işlər görməyə əsaslandırdıqları deyimdən istifadə etməyə nə var ki…
Ölərkən gözlərinin qarşısına bu həyatda yalnız öz halal qazancınla
yaşadığını, övladlarını da belə böyüdüb tərbiyə etdiyini gətirib xatırlamaq gözəl hissdir…
Kənan Sahpələngov
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…