Sosial inəklər “bala” vermir

İki il o idarənin qapısında yatmışam

I hissə

 “Məşğulluq Mərkəzində bizə deyilmişdi ki, sizə beş min manatlıq əmlak veriləcək. İki xəstə heyvan verildi. Axırda da bu heyvanları 1100 manata satdım. Bankdan kredit götürüb bu pulun üstünə qoydum və iki sağlam heyvan aldım. Çəkdiyim o qədər əziyyət və xərcin qarşılığında mənə qalan əsəb, stress oldu. İndi də kredit ödəyirəm….”

İmişlinin Mirili kəndinin sakini Yusif Yusubov belə deyir. O, üç il əvvəl “Özünəməşğulluq” proqramına yazılıbmış. Ümid edirmiş ki, bu proqram onları yoxsulluqdan çıxarar. Amma göstərilən dövlət dəstəyi də onların həyatını yaxşılığa doğru dəyişməyib…

2016-cı ildə icrasına başlanılan bu program aztəminatlı ailələr üçün nəzərdə tutulub. Həmin ailələrin fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün ailəyə natura şəklində mal, material və ya digər əmlakın verilməsi ilə dəstək göstərilir.

Bu ilin əvvəlində “Özünəməşğulluq” proqramına yazılanların sayı 50 minə çatmışdı. Koronavirus pandemiyası dövründə həm işsiz kimi qeydiyyatdan keçənlərin, həm də bu proqrama qoşulmaq istəyənlərin sayında kəskin artım olub. Amma hökumət proqrama qoşulanların kiçik bir hissəsinə dəstək göstərə biləcəyini açıqlayıb. On minlərlə insan isə tətbiq edilən məhdudiyyətlərə (məsələn, mülkiyyətində əkinə yararlı torpaq olmağa görə) bu proqramdan kənarda qalıb.

“Üzümüzə bütün qapılar bağlanıb…”

Proqrama cəlb edilənlər məqsədlərinə çətinliklə nail olduqlarını bildirirlər.

Əjdər Quliyevİmişli sakini:

“Ailədə beş nəfərik. Heç bir yerdən evimə qazanc gəlmir. 2017-ci ildə işaxtaran kimi İmişli rayonunun Məşğulluq Mərkəzinə yazılmışdım. Bir müddət işsiz qaldım. İki il o idarənin qapısında yatmışam.

Qaraş Manafov-İmişli rayon sakini

Qaraş Mənəfov-İmişli sakini:

“Get-gəl”ə saldılar məni. Qarlı-yağışlı havalarda gedirdim. Şaxtalı havada gözləməkdən bir ayağım tutuldu. Dörd il o yollarda sürünmüşəm…”

Yusif Yusubov isə deyir ki, aktivlərin alınması da xeyli vaxt çəkib:

“Bir gün Məşğulluq Mərkəzindən zəng elədilər ki, gəl heyvanlarını apar. Gedib baxanda gördüm ki, qoca, yararsız inəklərdir. Belə heyvanları almaqdan imtina etdim. Üstündən bir ay keçəndən sonra mənə başqa heyvanlar təqdim olundu. Düzü, bu dəfəkilər də ürəyimcə deyildi. Amma ortadakı bir illik əziyyətimə və dövlət hesabına pulsuz verilirdi deyə ikisini seçib qəbul etdim. Gətirəndə gördüm inəklərin yanındakı buzovlar öz balaları deyil. Onlar nə süd verdilər, nə də buzovları yanlarına qoydular. Çox xahiş-minnət və prezidentə şikayət edəcəyimlə bağlı hədədən sonra gəlib bu heyvanları dəyişdirdilər. Yeni verdiklərindən birinin ciyəri xəstə oldu, o biri yerindən qalxa bilmədi. Naəlac qalıb iki ana, iki də bala olan bu dörd baş heyvanı 1100 manata satdım.”

Y.Yusubov deyir ki, ailəsi 4 nəfərdən ibarətdir, biri əlil olmaqla iki azyaşlı uşağı var. Bunadək ailəsi ünvanlı dövlət sosial yardımı alıb. Dövlətdən heyvan alandan bəri bu yardım da kəsilib. Pandemiya ilə əlaqədar 190 manatlıq yardımdan da məhrum olublar.

Vəci İsmayılov-İmişli rayon sakini

İmişlinin Bəcirəvan kəndində yaşayan Vəci İsmayılov deyir ki, bu proqrama qoşulanadək 4-ü uşaq olmaqla 6 nəfərlik ailəsinə ünvanlı dövlət sosial yardımı təyin edilibmiş. “Özünəməşğulluq” proqramı çərçivəsində iki inək alan kimi bu yardımın verilməyi dayandırılıb. O, bu işə qoşulmaqdan peşmandır:

“Mən hər ay 300, 1 ildə isə toplam olaraq 3 min 600 manat yardım alacaqdım. Bu vəsaitlə Sosial Nazirliyin verdiyi inəklərdən 4-ünü almaq olar. Ünvanlı yardımı dayandıranlar bilmirmi ki, inəklər isə ən tezi 9 aya (275-295 günə) bala doğa və süd verə bilər? Bəs o vaxtadək mən ailəmi necə dolandırmalıyam?”

Proqramın icrasına başlanan vaxtdan bəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli məşğulluq idarələrinin aktivlərin qiymətini gizli saxlamağı da şübhələr doğurub. Vətəndaşlara təqdim edilən sənədlərdə- müqavilə və aktlarda əmlakların dəyəri göstərilmir.

Meydan.TV-nin əldə etdiyi qeyri-rəsmi məlumata görə  2018-ci ildə bir yanıbalalı inək 1866, ümuilikdə isə 3732 manata alınıb. İddiaya görə vətəndaşlara yanıbalalı olmayan yararsız heyvanlar verilib.

Ötən il nazir Sahil Babayev nəhayət “sosial inək”lərin qiymətini açıqlayıb: “Bütün vergilər və digər ödənişlər daxil olmaqla bir heyvanın qiyməti 1800 manatdan çox deyil, 1400 manat civarındadır. Heç bir podratçı şirkətə əlavə vəsait ödənilməyib. Hər hansı satın almamızda qiymət artımına yol verilməyib. Ötən ilin mövcud qiymətlərindən aşağı qiymətə heyvan alınır” . Amma vətəndaşlar iddia edirlər ki, onlara verilən inəklərin birinin dəyəri bazar qiyməti ilə heç 1000 manat da təşkil etməyib.

2 inəklə yoxsulluqdan çıxmaq olarmı?

II hissə

Əmək və əhalinin sosial müdafiəsi nazirliyi hesab edir ki, “Özünüməşğulluq” proqramı alternativ sosial müdafiə tədbirləri ilə müqaisədə əhəmiyyətli üstünlükləri ilə fərqlənir:

“Belə ki, proqram eyni vaxta bir neçə makro məqsədlər istiqamətində paralel nəticələrin əldə edilməsinə imkan yaradır. Ümumilikdə isə özünüməşğulluq proqramının üstün tərəflərini aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması;

2. Mikro və kiçik sahibkarlığın inkişafı;

3. Yeni iş yerlərinin yaradılması və işsizlik səviyyəsinin azaldılması;

4. İctimai vəsaitlərin xərclənməsində səmərəliliyin artırılması;

5. Yoxsulluq səviyyəsinin azaldılması;

6. İqtisadiyyatda inkluzivliyin gücləndirilməsi.”

Amma İmişli sakini Yusif Yusubov deyir ki, bu proqramla uğur qazanan adama hələ rast gəlməyib:

Yusif Yusubov-İmişli rayon sakini

“Heyvan almış şəxslərdən elə birini tanımıram ki, yoxsulluqdan çıxa bilsin. Bəziləri bu heyvanları bir müddət saxlayandan sonra ya satıb, ya da tələf ediblər. Lap elə heyvanı indiyədək saxlayan da, necə deyərlər, yerində sayır. Bu inəklər aztəminatlı ailəni vəziyyətdən çıxarmır. 2 inəyin bir il ərzində yem xərci bir inəyin dəyərinə bərabərdir. Yaxud bir mədəni tövlə on inək, bir ot çardağı üç inək dəyərinə başa gəlir. Təsərrüfatı genişləndirmək üçün əlavə vəsaitə ehtiyac var. Buna görə böyük heyvandarlıq təsərrüfatını imkanlı adamlar yarada bilir.”

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli kənd yerində yaşayan yoxsul ailələrə ucdantutma inək, yaxud qoyun-keçi paylanılmasınını doğru hesab etmir:

Vahid Məhərrəmli-Kənd təsərrüfatı mütəxəssisi

“Torpaq islahatı aparılandan 25 il ötüb. Amma kəndlərdə elə insanlar var ki, pay torpaqlarından səmərəli istifadə edə bilməyiblər. Təsərrüfat idarə etmək bilik və bacarıq tələb edir. Örüş yerlərinin zəbt olunduğu, təbii biçənək ərazilərinin, yem istehsalının azaldığı bir vaxtda mal-qara saxlamaq da çətinləşib. Bizdə bir inəkdən gündə orta hesabla 2,5-3 litr süd alınır. Bununla ailə dolandırmaq olmaz. Azərbaycan kəndlisinin yoxsul olmağının bir səbəbi də odur ki, həm bitkiçilikdən, həm də heyvandarlıqdan yüksək məhsuldarlıq əldə etmir. Ölkədə bu qədər heyvan saxlanılsa da, süd məhsullarına olan təlabatın 50%-i ödənilir.”

Ekspert vəziyyətdən çıxış yolunu kənd yerlərində sahibkarlıq mühitinin formalaşmağında, istehsal, emal müəssisələrinin yaradılmağında görür:

Toğrul Maşallı-İqtisadçı

 “Kəndlilər məhsullarını xammal kimi satırlar. Bazara çıxışı olmayanlar onu dəyər-dəyməzinə verirlər. Üstəlik kənd təsərrüfatı işlərinin çoxu mövsümi olduğundan burada yaşayan əhali ilin müəyyən vaxtlarında işsiz qalır. Hökumət stimullaşdırıcı tədbirlərlə həqiqi iş yerləri yarada bilər.”

İqtisadçı Toğrul Maşallı problemin bir səbəbini də özünəməşğulların statusunun olmamağında görür:

“Azərbaycanda özünəməşğul statusu yoxdur. Müqayisə üçün Gürcüstanda var, Rusiyada təzəlikcə müəyyən edilib. Bu statusun müəyyən edilməməsinə görə özünəməşğul şəxslər başqa fermer və ya sahibkarlardan seçilmir və ya güzəşt əldə edə bilmir. Bir yoxsul ailəyə inək verilməsi mənasız işdir. Elə şərait yaradılmalıdır ki, ailə özünə inək ala bilsin.”

3 milyondan çox özünəməşğulun 1 faizinə dəstək

III hissə

Müstəqillik qazanandan və bazar iqtisadiyyatına keçiddən sonra Azərbaycanda işsizlik problemi özünü qabarıq şəkildə göstərməyə başlayıb. Ölkəyə neft milyardlarının tranşından sonra hökumətin 2003-cü ildən bəri həyata keçirdiyi yoxsulluğun azaldılması, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, regionların inkişafı ilə bağlı çeşidli dövlət proqramları məşğulluq məsələsinə qismən töhfə versə də, problemin həllinə gətirib çıxarmayıb. 2005-ci ildə təsdiq edilən və icrasına bir il sonra başlanılan Məşğulluq Strategiyası ilə də qarşıya qoyulan məqsədə- əmək ehtiyatlarından daha dolğun istifadəyə və səmərəli məşğulluğun təmin edilməsinə nail olunmayıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda əmək bazarının əsas göstəriciləri (2005-19-cu illər)

İllər 2005-ci il2010-cu il2015- ci il2019-cu il
İqtisadi fəal əhali         438010045874004 915 3005190100
Məşğul əhali                 4062300432910046716004938500
Muzdlu işçilər              1297100138290015025001646600
İşsizlər317800258300243700251 600
İşsiz statusu alanlar56343389662887781 272

“Özünəməşğulluq” Azərbaycan üçün yeni deyil. Bu dövlət proqramı qəbul edilməzdən xeyli əvvəl- 2005-ci ildə iqtisadiyyatda çalışan təxminən 4 milyon nəfərin yalnız 1,3 milyonu muzdla işləyib. Göründüyü kimi, ümumi məşğul əhalinin 2,7 milyon nəfərinin (68%-inin) fəaliyyəti qeyri-rəsmi olub. Onlar ya haradasa əmək müqaviləsi olmadan işləyib, ya da fərdi əməklə məşğul olublar. 2019-cu ildə də bu nisbət cüzi dəyişib: qeyri-rəsmi məşğulluğun xüsusi çəkisi 67 %-ə yaxın olub. Onu da qeyd edək ki, son 15 ildə işsizlərin sayı təqribən 250-300 min, işsiz statusu alanların sayı 50-80 min aralığında olub.

“Özünəməşğulluq” proqramı kənd rayonlarında əsasən ailə təsərrüfatının yaradılmasına əsaslanır. 2005-ci ildə aparılan kənd təsərrüfatı siyahıyaalınmasının yekununa görə ölkəmizdə 2 milyon nəfərdən çox adamın çalışdığı 807 427 ailə-kəndli təsərrüfatı qeydə alınıb. İqtisadiyyatın bir çox sahələrində də ailə biznesi geniş yayılıb. Proqram bu baxımdan da ölkənin əmək bazarının xüsusiyyətlərinə uyğundur.

Bu proqram bizədək başqa ölkələrdə də tətbiq edilib və uğur qazanıb. Əslində “Özünəməşğulluq” Dünya Bankının “Azərbaycanda məşğulluğa dəstək layihəsi” çərçivəsində gerçəkləşib. Proqramın icrasına 2016-cı ildən başlanılıb. İlk vaxtlar  proqram işsizliyin aradan qaldırılmasının effektiv mexanizmlərindən biri hesab edilirdi. Düşünülürdü ki, dövlət dəstəyi ilə özlərinə biznes quran aztəminatlı ailələrin həm həyat səviyyəsi yüksələr, həm də dövlətdən asılılığı aradan qalxar.

Rəsmi açıqlamaya görə, 2017-19-cu illərdə bu proqramdan 18 min 819 ailə yararlanıb. Onların əksəriyyəti (82%-i) kənd yerlərində yaşayan və ailə bizneslərini qurmaq üçün dövlətdən inək, qoyun və keçi alanlardır. Cari ildə proqramın ölkənin 27 şəhər və rayonunda 12 min ailəni əhatə etməsi hədəflənib. Üstəlik şəhər yerlərində yaşayanların kiçik istehsal, xidmət sahələrinə aid layihələri də dəstəklənəcək. Beləliklə, 4 ildə proqram 30 min nəfəri əhatə etmiş olacaq. Ölkənin əmək qabiliyyətli əhalisinin 3,3 milyon nəfərinin qeyri-rəsmi, yaxud fərdi məşğul olduğunu nəzərə alsaq, “Özünəməşğulluq” proqramı ilə son  4 ildə göstərilən dövlət dəstəyi onların heç 1%-ini də əhatə etməyib.

Vüqar Bayramov-Milli Məclisin deputatı

Milli Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, “Özünəməşğulluq” proqramı Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas elementlərindən biridir: “Nəzərə alaq ki, onun əsas hədəfi məhz vətəndaşlarımızın dövlət büdcəsindən subsidiyalaşdırılmasını minimuma endirmək, əksinə, maddi dəstək olaraq həmin şəxslərin sahibkara çevrilməsinə nail olmaqdır. Qanunda edilən dəyişikliklərdən sonra aktivlərin monitorinqi 1 ilə endirildi. Bu da imkan verəcək ki, vətəndaşlarımız 1 ildən sonra biznesini dəyişə, yaxud fərqli istiqamətlərə investisiya edə bilsin. Proqramın təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi ilə bağlı işlər 2021-ci ildə də davam etdiriləcək.”

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024